Bank

ABB səhmləri bahalaşa bilərmi? – Bank rəsmisindən açıqlama

ABB səhmləri ilkin yerləşdirmədən sonra hazırda gündəlik əsasda birjada alınıb satılır. Bugün təkrar bazarda 1 səhmin qiyməti 26-27 qəpikdir. Yəni, səhm nominal dəyərindən yuxarı qalxa bilmir.

Ümumi şəkildə hazırda ABB Bankın 36-37 min aralığında səhmdarı var və bu qədər səhmdar olduğu halda, birjada əməliyyatların həcmi hələ də qənaətbəxş deyil və səhmin qiyməti isə ümumiyyətlə ilkin ajiotajda gözlənilən dəyər ifadəsinə də çatmır. 

Niyə belədir?

ENA.az-ın sualına cavab olaraq ABB Bank İdarə heyəti sədrinin müavini Nəbi Əliyev bildirib ki, səhmlərin ticarətini rəqəmsal qaydada həyata keçirmək üçün müvafiq imkanlar mövcuddur. İnvestorlar sərbəst formatda alqı-satqı həyata keçirir. Həmçinin 2 investisiya şirkəti market-meyker kimi bu proseslərdə xidmət təqdim edir. Hər gün saat 10 radələrindən başlayaraq birjada alış və ya satış tələbləri irəli sürülür.

Bu o deməkdir ki, səhmlərin likvidliyi yüksəkdir. İndiyədək 2,7 milyon manat həcmində 7 minə yaxın əqd ticarət edilib. Gündəlik əsasda 45-50 min manat həcmində əqd bağlanır. Ümumilikdə ortalama götürsək 25 min ətrafında əqd ticarəti baş verir.

“Görünür ki, investorlar gözləmə mövqeyindədir. Növbəti ilin iyun ayında divident ödənişlərinin olması gözlənilir. Buna görə də investorlar tərəfindən səhmlərin satışına marağın olmaması dolayısı ilə təbii haldır. Çünki 15 faiz gəlirlilik kifayət qədər yüksək rəqəmdir. Düşünürük ki, qiymətin formalaşmasında investorların maliyyə savadlılığının yetərli səviyyədə olmaması amili də var. Bugün ABB səhmləri nominal qiymət ətrafında ticarət olunur. Amma düşünsək ki, bugün 27 qəpiyə səhm almış bir şəxs 6 aydan sonra 15 faiz gəlir əldə edəcək, bu illik əsasda 30 faiz gəlir deməkdir. İnvestor da bu gəlirliliyi görür. Hesab edirik ki, kapital bazarının inkişafı qiymətin də daha uyğunluğuna gətirib çıxaracaq”.

Ümumi nə qədər dividentin bölüşdürülməsindən söhbət gedir?

N.Əliyev İdarə Heyətinin üzvü kimi belə düşünür ki, illik dividentlərin gəlirlilik əmsalı 15% faizin üzərində olacaq. Bu təqribi olaraq 195-200 milyon ətrafında ümumi divident bölüşmə həcmi deməkdir. Xatırladaq ki, divident ödənişi zamanı fiziki şəxslərdən vergi tutulmur.

Səhmdar divident ödənişini necə əldə edəcək?

N.Əliyevin sözlərinə görə, ABB Bankın illik hesabatı il bitəndən sonra açıqlanacaq və səhmdarların ümumi yığıncağı çağırılacaq. Bütün kommunikasiya vasitələri ilə səhmdarların ümumi yığıncağı elan ediləcək və səsvermə olacaq.

“Düşünürük ki, dividentlərin əldə olunması mexanizmi ABB və MDM vasitəsilə də qurula bilər. Bunu növbəti bir inkişaf mərhələsi kimi görürük. Vəsaitlərin MDM tərəfindən klirinq olunma imkanları hazırda qiymətləndirilir. Qiymətləndirmə nəticəsində iki yol mümkün ola bilər: ya ABB tərəfindən birbaşa ödənişlərin edilməsi və ya MDM tərəfindən klirinqin həyata keçirilməsi. Müvafiq qərarı ictimaiyyətlə bölüşəcəyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)