BİZNES

Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik Azərbaycana keçdi

Bu gün Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında quruma sədrlik Türkiyədən Azərbaycana - Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevə keçib.

Assambleyanın iştirakçıları ona uğurlar arzulayıb.

Xatırladaq ki, Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən ASK-nın dəstəyi ilə təsis edilib. Onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkiyə və Özbəkistanın ticarət-sənaye palataları daxildir. Macarıstan və Şimali Kiprin palataları bu qurumda müşahidəçi qismində iştirak edir.

Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)