İKZF-nin dövriyyədə olan istiqrazlarının həcmi 2 milyard manatı ötüb
Azərbaycan Dövlət İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə olan istiqrazlarının həcmi 2078,6 mln. manata bərabərdir.
Bunu İKZF-nin İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov deyib.
O bildirib ki, 2009-cu ildən bu günədək 1906,3 mln. manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib. İstiqraz sahiblərinə isə 278,5 mln. manat məblağində faiz ödənişləri həyata keçirilib.
O əlavə edib ki, Fondun istiqrazları daha çox yerli maliyyə qurumları, o cümlədən banklar və sığorta şirkətləri tərəfindən alınır.
İlham Kələşov həmçinin qeyd edib ki, ipoteka kreditləri üzrə 45 min həyat sığorta müqaviləsi bağlanılıb. İpoteka ilə əlaqəli əmlak sığortanın sayı isə 41 mindən çoxdur.