Qazaxıstan ixracı artırmaq üçün "Xəzər qovşağı" yaradır
Qazaxıstan, əhalisi 100 milyondan çox olan Xəzəryanı region ölkələri (Azərbaycan, Türkmənistan, İran, Rusiya) üçün nəzərdə tutulmuş Xəzər qovşağının yaradılması ilə bağlı iş aparır.
Qazaxıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu barədə ticarət və inteqrasiya naziri Arman Şakkaliyev bildirib.
"Xəzər Qovşağı əhalisi 100 milyondan çox olan Xəzəryanı region ölkələrinə yönəlib. Layihə konteynerlərin saxlanması və dəmir yolu vaqonlarından dəniz konteynerlərinə yüklənməsi üçün meydançanın tikintisini, həmçinin onların emalı üzrə keyfiyyətli xidmətin göstərilməsini nəzərdə tutur", - A.Şakkaliyev hökumətin iclasında bildirib.
O qeyd edib ki, bu cür obyektlərin tikintisi sərhədyanı ölkələrlə ticarət əlaqələrini sürətləndirəcək, qeyri-xammal ixracatını 30 % artıracaq, biznes üçün logistika prosedurlarını sadələşdirəcək.
Nəqliyyat nazirinin müavini Maksat Kaliakparov Xəzər qovşağının inkişafı çərçivəsində Aktau və Kurık dəniz limanlarının modernizasiyası işlərinin sürətlə davam etdiyini qeyd edib.