“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
Bu ilin yanvar-oktyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 15,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə çox və 0,7 milyon ABŞ dolları (4,3 %) azdır.
Bu ilin 10 ayı ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 781.4 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 560 min ABŞ dolları ilə Pakistan, 547.2 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Təkcə oktyabrda isə “Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.