Azərbaycanda xarici investisiya hüquqi şəxslərin müraciətlərinin qəbulu asanlaşacaq
Azərbaycanda "Konsul leqallaşdırılması" informasiya sisteminin təsdiq edilməsi haqqında fərman layihəsi hazırlanıb.
Bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri üzrə şöbəsinin müdiri Anar Məmmədov bu gün keçirilən "Biznesə daxilolma" İşçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, "Konsul leqallaşdırılması" informasiya sisteminin yaradılmasının məqsədi bu sahədə prosesin rəqəmsallaşdırılmasıdır: "Hazırda bu proseslər kağız daşıyıcılar vasitəsilə həyata keçirilir. "Konsul leqallaşdırılması" informasiya sistemi xarici investisya hüquqi şəxslərin müraciətlərinin qəbul edilməsini asanlaşdırılmasına, təqdim olunan sənədlərin operativ şəkildə təsdiqinə və aidiyyatı dövlət qurumlarının həmin məlumatları qısa müddət ərzində əldə etməsinə istiqamətlənib. Burada növbəti komponent "Elektron reyestr" sisteminin yaradılmasıdır. Bu sistem açıq olacaq və sənədlərin saxtalaşdırılmasına dair preventiv tədbirlərin həyata keçirilməsinə imkan verəcək".
A. Məmmədov əlavə edib ki, hər bir informasiya sisteminin hüquqi əsası olmalıdır: "Konsul leqallaşdırılması" informasiya sisteminin təsdiq edilməsi haqqında fərman layihəsi hazırlanıb və aidiyyatı dövlət qurumlarına təqdim olunub".