Bank

33 mindən çox yeni investor cəlb edən ABB-nin maliyyə vəziyyəti necədir? - TƏHLİL

Ölkənin ən böyük dövlət bankı - Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti necədir? 

Aktivləri azalıb 
Bankın aktivləri ötən 9 ayda 1,7% və ya 232 milyon manat azalaraq 13 milyard 436 milyon 626 min manat olub. Ən böyük azalma 783 milyon manat nağd vəsaitlərin həcmində qeydə alınıb. Banklar və digər maliyyə qurumlardakı depozitlərindən isə 908 milyon manatı geri çəkib. Bankın aktivlərinin 3 milyard 983 milyon 591 min manatı 100%-lik risk qrupuna, 3 milyard 227,626 min manatı isə 100%-dən yuxarı risk qrupuna daxildir. Bu isə o deməkdir ki, Bankın aktivlərinin demək olar ki, yarısı 100 faiz və ya daha yüksək risk qrupuna daxildir. 

Bankın kredit portfeli 1 milyard artıb
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-ci ilin sonu ilə müqayisədə 20,58% və ya 1 milyard 39 milyon 70 min manat artaraq 6 milyard 87 milyon 833 min manata çatıb. 2024-cü ilin 9 ayında, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri üzrə portfel 437 milyon 167 min manat artaraq 2 milyard 941 milyon 782 min manata yüksəlib. İstehlak kreditləri 381 milyon manat artaraq 1 milyard 751 milyon manata, ipoteka kreditləri 220 milyon manat yüksələrək 1 milyard 394 milyon manat olub.  

Bankın öhdəlikləri isə 309 milyon manat azalıb və 11 milyard 549 milyon 831 min manat təşkil edib. Öhdəliklərində 500 milyon manatlıq borc kağızları silinib, eyni zamanda 1 milyard 225 milyon manat “digər öhdəliklər”i cəmi 373 milyon manata düşüb. Əvəzində kredit təşkilatlarındakı öhdəlikləri 700 milyon manat artaraq 1 milyard 400 milyon manatı aşıb. Depozit portfelindəki artım isə cəmi 269 milyon manat olub.  

Ən yüksək xalis mənfəət 
ABB 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 235 milyon 85 min manat xalis mənfəətlə başa vurub. 
Cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 896 milyon 260 min manat olub və bu bir illik müqayisədə 21.1% və ya 156 milyon 170 min manat çoxdur. Faiz gəlirləri 668 milyon manat təşkil edib və bunun 480 milyon manatı verilmiş kreditlərdən daxil olan gəlirlərdir. 103 milyon 443 min manatı isə qiymətli kağızlar üzrə faizlərdən formalaşıb.

Bankın faiz xərcləri 165 milyon 627 min manat olub. 144 milyon 887 min manat depozitlər üzrə faiz ödənişlərinə xərclənib. Beləliklə, xalis faiz gəliri 498 milyon 159 min manat olub. Qeyri-faiz gəlirləri 228 milyon 185 min manat təşkil edib. Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 88 milyon 640 manat olub. Həmçinin Bank tərəfindən əməliyyat mənfəətindən 54 milyon 254 min manat mənfəət vergisi hesablanıb.

Məcmu kapitalı 19.35% adekvatdır
1 oktyabr 2024-cü il tarixində "ABB" ASC 1 milyard 627 milyon 961 min manat məcmu kapitala malik olub. III-cü rüb sonunda ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 16.70%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19.35% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi müvafiq minimumlardan - 6% və 12%-dən yüksəkdir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)