Əhalinin borc yükü "ağırlaşıb" - DİAQRAM
Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası ilə yanaşı ciddi borclanma dinamikası da var. Azərbaycan Mərkəzi Bankı əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbətini açıqlayıb. Bu nisbətdən də görünür ki, əgər 2023-cü ildə borcun sərəncamda qalan gəlirlərə nisbəti 15,8% olubsa, 2024-cü ilin altı ayında 17,1 faizə yüksəlib. Yəni, əhalinin sərəncamında qalan vəsaitlərdə artım dinamikası müşahidə edilsə də yüksək kreditləşmə tempi nəticəsində borc yükü “ağırlaşıb”.
Qeyd edək ki, əhalinin borc yükü əhalinin götürdüyü istehlak və ipoteka kreditlərinin qalıq məbləğinin cəmidir. Cəmi kredit portfeli 6 ayda 19,4% artıb. Kreditlərin 7 milyrad 634 milyon manatı istehlak, 3 milyard 921 milyon manatı ipoteka kreditləridir. Bu iki portfelin cəmi birlikdə 11 milyard 55 milyon manatdır.
Diqqəti çəkən daha bir göstərici KTN və BGN əmsalıdır. Mürəkkəb görünsə də bu əmsallar ciddi bir mənzərə yaradır. Belə ki, KTN əmsalı kreditin təminata (girov, ipoteka) olan nisbətidir. BGN əmsalı isə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. Banklar kredit verərkən borcalanın kredit tarixçəsi, onun xərclərinin səviyyəsi və kreditin təyinatı ilə yanaşı, KTN və BGN əmsallarına görə kredit riskini müəyyən edirlər. Kredit riski yüksəkdirsə banklar yüksək faizlər müəyyən edirlər və ya kreditin verilməsindən imtina edirlər.
Rəsmi göstəricilərə əsasən, istehlak portfelinin artımı əsasən BGN>45%-dir. Bu əmsalda komfort zona isə 60-70 arasında formalaşır. Sadə dillə desək, BGN – risk göstəricidir, məsələn BGN çox olanda kredit portfelini artırmaq imkanı vurğulanır.