Bank

Xarici valyutada Azərbaycan banklarının likvidliyi necədir? Hərraca çıxarılacaq dollar limiti tələbatı ödəyəcəkmi?

Son aylar valyuta hərraclarında dollar satışının artması fonunda “devalvasiya olacaq” kimi fikirlər səsləndirilməyə başlayıb. Azərbaycan Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə isə ölkədə maliyyə sabitliyinin olduğunu bəyan edib.

Dollara tələbatın artmasının doğurduğu mənfi gözləntilərin əsası varmı, ümumiyyətlə maliyyə sektorunda xarici valyuta likvidliyi necədir? ENA.az bununla bağlı Ş.Mahmudzadənin açıqlamalarını diqqətinizə təqdim edir.  

Profisit, neft...

Əvvəlcə qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları üzrə ticarət dövriyyəsi 3 milyarda yaxın profisitlidir, neftin qiyməti büdcədə göstərilən həddən – 70 dollatrdan yüksəkdir, yəni ölkəyə valyuta gəlişində problem yoxdur. Bununla paralel Qarabağda böyük pullar xərclənir, infrastruktur layihələri həyata keçirilir. Eyni dövrdə Bakı COP29-a hazırlaşır, büdcə xərcləri sürətlə şişir və ölkəyə daxil olan idxal mallarının həcmi artır. Bütün bunlar isə təbii ki, alınan mal və məhsulların dəyərini ödəmək üçün xarici valyutaya, xüsusən də dollara tələbatı kəskin artırıb. Nəticə etibarilə banklar əməliyyatları həyata keçirmək üçün hərracdan dollar alışını artırıblar.

Hərraca çıxacaq dollar limiti tələbatı ödəyəcəkmi? 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin xərclərində Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 781 milyon manat götürülüb, bu isə təxminən 7 milyard 500 milyon dollar deməkdir.  Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu 5 milyard 745 milyon ABŞ dolları məbləğində valyuta satışını artıq həyata keçirib. Ehtiyatda 1 milyard 750 milyon dollar qalır. Qarşıdakı 3 ayda bu vəsaitin hərrac üçün kifayət etməsi ehtimalı həm var, həm də yoxdur, çünki ənənəvi olaraq ilin sonuna dollara tələbat artır. Yerigəlmişkən paralel olaraq Mərkəzi Bank da ehtiyat valyutasını satmaq planları barədə açıqlamalar verir, görünür bu da dollara yaranacaq tələbatın qarşısını almağa hədəflənib.

Likvidlik niyə azalır?

Ümumiyyətlə, ölkənin maliyyə sektorunda kifayət qədər xarici valyuta varmı, valyuta likvidliyi necədir? Sualımızı cavablandıran Azərbaycan Mərkəzi Bankının Baş Direktoru Şahin Mahmudzadə  bildirib ki, bank sektorunun likvidliyi azalır, 52 faizdən 50 faizə düşüb. Yəni, əlavə vəsiatlərin həcmi 13,2 milyard manatdan 12,5 milyard manata düşüb. Azalmanın səbəbi isə bankların sərbəst vəsaitlərini kreditləşməyə yönəltmələridir.

Qısamüddətli likvidliyin qiymətləndirilməsi üzrə LCR (likvidliyin örtülmə əmsalı) göstəricisi prudensial normanı 40 bənd üstələyərək, 140 faiz təşkil edir. Bu isə o deməkdir ki, likvidlik buferi var və bu, likvidlik risklərini azaldır.

Likvidliyin örtülmə əmsalı xarici valyutada yüksəkdir

Nəzərinizə çatdıraq ki, Mərkəzi Bankın məlumatına görə, müddəti bir ilədək olan aktivlər 35%, öhdəliklər isə 24%-dir. Xarici valyutada bir ilədək olan aktivlər 33%, öhdəliklər də 33%-dir. Likvidliyin örtülmə əmsalı milli valyutada 103%, xarici valyutada isə 202% təşkil edir.

Yəni, görünən odur ki, maliyyə sektoru likvid vəsaitlərini daha çox xarici valyutada, 90 faizini isə dollarda saxlayır.

Maraqlı rəqəmlərdən biri də aktiv və öhdəliklərin dollarlaşma səviyyəsidir. Maliyyə sektorunun aktivlərinin 32,4%-i, öhdəliklərin isə 36%-i dollarladır. Hər iki göstəricidə de-dollarizasiya trendi davam edir. Kredit və depozitlərin dollarlaşma səviyyəsi də Bençmark ölkələrlə müqayisədə Azərbaycanda daha aşağıdır.

Bütün bu səbəbləri nəzərə alan hökumət dollar çatışmazlığı yaranacağını iddia edərək bunun əsasında devalvasiyadan danışılmasını “şaiyə” kimi qiymətləndirir.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)