Mərkəzi Bank 105 yaşını belə qeyd etdi
Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Bankın kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlər xiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirələri yad edilib.
Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu öndərin büstü qarşısına əklil qoyulub və Bankın əməkdaşlarının iştirakı ilə 105 illik yubileyə həsr olunan görüş keçirilib. Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram bir dəqiqəlik sükutla ifadə olunub.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov uzun inkişaf yolu keçmiş mərkəzi bankçılığın tarixindən bəhs edərək, müstəqillik əldə etdikdən sonra ölkəmizdə bank-maliyyə sistemində Ulu öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış islahatlarının bu gün də tərəqqiyə mühüm töhfə verdiyini vurğulayıb. O, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Sədr Bankın bütün əməkdaşlarının həyata keçirilən islahatlarda fəal iştirakını xüsusi qeyd edərək bundan sonra da qarşıya qoyulan məqsədlərin icrasında uğurlar arzu edib.
Mərkəzi Bankın sədri çıxışı zamanı görüşdə iştirak edən və uzun müddət Mərkəzi Bankda çalışmış əməkdaşlara təşkilatın və sektorun inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.