Sosial iqtisadiyyat

Rusiyaya işləməyə gedənlərlə bağlı qayda dəyişəcək

Rusiyada əmək miqrantlarına yeni qadağaların tətbiq edilməsinə dair bir neçə aydır davam edən müzakirələr yenidən gündəmə gəlib. 

“RBK” portalına istinadən xəbər verilir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin sözügedən məsələ barədə danışıb və ölkədə işləyən əmək miqrantlarının ailələrini özləri ilə gətirmək imkanına qarşı çıxış edib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyində aşağı ixtisaslı əmək miqrantlarına ailələrini özləri ilə gətirməyə imkan verən boşluq aradan qaldırılmalıdır: “Ölkəyə gələn əcnəbiyə görə məsuliyyəti onu dəvət edən müəssisə daşımalıdır. Bununla belə, buraya işləmək üçün gələn aşağı ixtisaslı kadrlar, miqrantlar özləri ilə ailələrini gətirməməlidirlər. Qanunvericilikdə miqrantlara özləri ilə yaxınlarını gətirməyə imkan verən boşluq mövcuddur, buna görə də, hazırda bu məsələ müzakirə edilir”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediasında yayılan məlumata görə, Dumanın Liberal-Demokrat Partiyası fraksiyasının deputatları parlamentin aşağı palatasına Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarına ölkəyə ailələrini gətirməyə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Layihə müəlliflərinin sözlərinə görə, qanun qüvvəyə minərsə, əcnəbinin əmək müqaviləsi və ya patenti ölkəyə öz ailəsini gətirməyə əsas verməyəcək.

Onu da qeyd edək ki, avqustda Rusiya Daxili İşlər Nazirliyi 2023-cü ildə Rusiyada olan əmək miqrantlarının sayı ilə bağlı məlumat yayıb. Bildirilib ki, ölkədə iş məqsədilə gələn təqribən 3,5 milyon qanuni əcnəbi vətəndaş olub. Onların əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.

Məlumat üçün bildirək ki, Azərbaycandan da Rusiyada işləmək üçün gedən vətəndaşların sayı kifayət qədərdir. Belə ki, Rusiyanın müvafiq qurumlarının verdiyi məlumata görə, hazırda ölkədə əmək müqaviləsi ilə işləyən azərbaycanlıların sayı təqribən 200 min təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)