MALİYYƏ

Bakıda 2 ulduzlu otelin gecəsi min manatdır. COP29 üçün otellərin "qaynar qiymətləri"

Noyabr ayında ölkəmizdə COP29 keçiriləcək. Tədbirə hazırlıq üçün ilk həyəcan təbilini çalanlardan biri turizm sektoru oldu, xüsusən də otelçilik. Azərbaycan 50-70 min qonağı yerləşdirə biləcəkmi? Bu məsələ demək olar ki, öz həllini tapıb. İndi isə tədbirdə iştirak edən xariciləri  daha çox otel qiymətləri təəccübləndirir:

"Bakıda 2 Ulduzlu otelin bir gecəsi 583 dollar? Bu Dubaydakından da bahadır ki!"

COP29 üçün hazırlanan COP29 Baku-booking bnetwork onlayn yerləşdirmə platformasındakı məlumatlara görə, burada 86 otel xidmətlərini təklif edir, minimum qalmaq isə 6 gecə təşkil edir. 5 Ulduzlu otellərdən Bakıdakı yalnız Fairmont və Shreraton Baku İntourist platformada təmsil olunur, görünür, Bakıdakı digər 5 ulduzlu otellər artıq dövlət və hökumət başçılarının qonaqlaması üçün rezerv olunub.       

Qeyd edək ki, 2024-cü ilin əvvəlində tez bir zamanda bütün otellərin ulduzlaşdırılması prosesi aparıldı və əvvəllər 4 ulduz olan otellərin çoxu 2 ulduzu keçə bilmədi. Eyni zamanda, otellərə tədbirə hazırlaşmaq tapşırıldı. Otelçilərimiz də ilk olaraq deyəsən qiymətlərdən “başlayıblar”. Platformada yerləşdirilən otellərin çoxu 2 və 3 Ulduzludur. Məsələn, ən ucuz 2 Ulduzlu otelin gecəsi 177 dollardan başlayır, ən bahalısı isə 583 dollaradır. 2 Ulduzlu Perron otelin altı günlüyü 3 min 498 dollardırsa, 5 Uluzlu Sheraton Baku İntourist-in 8 min 250 dollar qoyması daha məqbul görünür.  Sheraton Baku İntourist-in Terrace Suite isə 14 min dollardır. Daha bir 5 Ulduzlu otel - Fairmont Baku, Flame Towers isə bir qədər daha bahadır. Gecəsi 2 min 205 dollardan 6 gün üçün 13 min 230 dollara otaqlar təklif edir. 3 Ulduzlu otellər arasında gecəsi 441 dollardan 800 dollara qədər qiymətlər təklif edənlər var. 4 Ulduzlu otellərdə isə günlük 900 dollardan 1200 dollara qədər artır.

Xatırladaq ki, bu yaxınlarda Paris 2024 Olimpiya oyunları üzrə açıqlanan məlumatlara görə, Fransa otelləri yüksək qiymətlər fonunda müştəri yığa bilmədilər. Buna görə də tədbirə az qalmış otellər qiymət endirim kampaniyalarına başladılar. Eyni gedişin Bakı otellərində də olması mümkündür.

Otelçilərə gəlincə, tanınmış CEO Jeyhun Aşurov hesab edir ki, COP29 üçün otellərin belə qiymətlər qoyması normal praktikadır.

Məlumat üçün qeyd edək ki, Dubayda keçirilən COP28-də 140-dan çox ölkənin liderləri iştirak edib. Dubayda keçirilən tədbirə rəsmi 80 min iştirakçı qatılıb. Texniki işçilərlə birgə tədbir iştirakçılarının sayı 100 mini ötüb. Bundan əvvəl 2022-ci ildə Misirdə keçirilən tədbirdə 50 min qonaq iştirak edib.

Statistika Komitəsinin bu ilin əvvəlinə olan göstəricisinə görə, Bakıdakı bütün otellərin birdəfəlik tutumu cəmi 24 minə bərabər olub. Ötən bir neçə ayda aparılan tikinti işləri və bir neçə binadakı tamamlama işlərinin yekunlaşması nəticəsində Azərbaycanda qonaqlama sahəsində problemin yaranmayacağı görünür.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)