Sığorta

İSB: “Yaşıl Kart” xidməti işğaldan azad edilmiş əraziləri də əhatə edəcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Yaşıl Kart” beynəlxalq sığorta xidməti istifadəyə veriləcək.

ENA.az bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra İSB “Yaşıl Kart” təminatı üzrə ölkəmizə münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlayıb. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunub.

Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənib. Bununla da, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılıb və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunub. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara “Yaşıl Kart” modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilib.

Xatırladaq ki, “Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılıb. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.

2016-cı ildən etibarən İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olub və Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilməyə başlayıb. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün, “Yaşıl Kart” sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)