Bank

İdarə Heyətinin sədri: Bu il “AccessBank”ın 15% böyüməsini, kapitalın gəlirliliyinin artmasını hədəfləyirik

Azərbaycanın bank sektorunun aparıcı oyunçusu, mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ili uğurlu nəticələrlə başa vurub və ilin nəticələrinə görə 39.8 milyon manat xalis mənfəət əldə edib. Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənib və məcmu kapitalı 41.9% və ya 42.3 milyon manat artaraq 143.5 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 2.9 dəfə çoxdur.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri ilə olan müsahibəni təqdim edirik:

-Davit bəy, bildiyimizə görə, siz London və Tbilisidə də maliyyə təşkilatlarında çalışmısınız. Üç ölkənin maliyyə və bank sektorunda hansı oxşar və fərqli cəhətləri müşahidə etmisiniz? Bu təcrübələr cari fəaliyyətinizə necə təsir edir?

– Bank işinin əsas prinsipləri bütün ölkələrdə eynidir, ona görə də maliyyə məhsullarının əsasları da oxşardır – siz pulu depozit kimi qəbul edirsiniz və onu ehtiyacı olan müştərilərə kredit şəklində verirsiniz ki, bu da mahiyyət etibarı ilə vasitəçi biznesdir. Əgər bunu düzgün etsəniz, hər iki tərəf razı qalacaq və mənfəət marjası əldə edəcəksiniz. Bu sadə qayda bütün ölkələrdə eynidir. Təbii ki, maliyyə məhsullarının müxtəlifliyindən, kapital bazarları mühitindən, tənzimləyici təsirdən və sair məsələlərdən qaynaqlanan müxtəlifliklər ola bilər.

Azərbaycanın bank sektoru inkişaf etməkdədir, lakin son 10 ildə inkişaf tempi azalıb və bunun çox əsaslı səbəbləri var. 2015-2016-cı illərə nəzər salsaq, devalvasiya və iqtisadi tənəzzüldən sonra banklar özünübərpa prosesinə keçdi, çoxsaylı restrukturizasiyalar, bankların bağlanması və s. baş verdi. Bu proses bitdikdən sonra COVID pandemiyası başladı və bunun təkcə bank sektoruna deyil, iqtisadiyyatın bütün sahələrinə necə təsir etdiyini hamımız yaxşı bilirik. Bankların post pandemiyadan göstəricilərinə nəzər salsanız, yəni 2021-ci ildən sonra, bütün sektor yenidən böyüməyə başlayıb və son iki ildə iqtisadi şərait bank sektoru üçün çox əlverişli olub. Ümid edirəm ki, yaxın perspektivdə sektor daha da inkişaf edəcək, çünki buna nail olmaq üçün şəraitin əlverişli olacağını düşünürəm.

Bununla belə, qonşu bazarlarla müqayisədə, Azərbaycan bank sektorunun penetrasiyası, yəni kredit portfelinin ümumdaxili məhsula nisbəti indikatoru, hələ də aşağıdır, amma bunun qarşıdakı 2-3 ildə yüksələcəyini düşünürəm. Məsələn, bu göstərici Azərbaycanda Qazaxıstan və Gürcüstana nisbətən aşağıdır.

– Artıq iki ildir ki, AccessBank-ın rəhbərisiniz və bank 2022 və 2023-cü illəri mənfəətlə başa vurub. Bu iki ilin nəticələri sizi qane edirmi? Ötən ili necə qiymətləndirirsiniz?

– Bəli, mən artıq iki ildir ki, AccessBank-dayam və biz son iki ilin göstəricilərindən, o cümlədən əlverişli iqtisadi mühitdən çox razıyıq. Ümumilikdə, nəticələr çox qənaətbəxşdir və biz hazırkı iqtisadi şəraitdə maliyyə göstəricilərimizin daha da yaxşılaşacağını proqnozlaşdırırıq. Tənzimləyici tələblər əsasında dərc edilən maliyyə hesabatlarına əsasən, AccessBank ötən il kapitalın gəlirliliyi (ROE) üzrə 29,1% ilə ölkə üzrə birinci yerdə qərarlaşıb. Ümid edirik ki, qarşıdakı dövrdə də bu uğurumuzu davam etdirəcəyik.

– Son günlər bankın depozit faizlərini azaltması müzakirə mövzusuna çevrilib. Və biz bilirik ki, AccessBank-ın depozit portfeli 2023-cü ildə 1 mlrd. manatı ötüb. Bu artıq doyma həddidir yoxsa, necə?

– Nəzərinizə çatdırmaq istərdim ki, Bankımız 20%+ artıb və depozit portfelimiz biznesin inkişafı ilə paralel olaraq artıb. AccessBank olaraq biz əmanətlərimizə çox məsuliyyətlə yanaşırıq. Likvidlik mövqeyimizi və perspektivimizi hər zaman nəzərə alırıq, çox yüksək likvidlik heç də həmişə yaxşı deyil, çünki marjanın əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Buna görə də, tarazlığı qorumaq vacibdir. Faiz dərəcələrinin aşağı salınması ilə bağlı qeyd etmək istərdim ki, müddətli depozitlərimizdə heç nə dəyişməyib, biz yalnız bazarı izləyərək cari hesablar və əmanət depozitləri üzrə faiz dərəcələrini aşağı endirdi.

Bununla yanaşı, AccessBank olaraq biz daim yeni məhsullar üzərində işləyirik, həmçinin müştərilərimizə “qənaət” davranışının formalaşmasında və onlar üçün qısa və ya uzunmüddətli maliyyə səmərəliyini təmin edən həllərin qəbulunda dəstək olmaq məqsədi ilə məhsullar yaradırıq.

Belə həllərdən biri də müddətli əmanətlərlə yanaşı müştərilərimizə təklif etdiyimiz unikal məhsul olan “Əlverişli əmanət”dir, ki, məhsul müştərilərə qazandıqları faizdən gəlir əldə etməyə və eyni zamanda müddət limitləri tətbiq etməməyə imkan verir. Bu, əsasən müştərilərə çevik olmağa və eyni zamanda əmanət toplamağa imkan verir.

– Davit bəy, son bir neçə ildir ki, artıq Azərbaycanda nağdsız ödənişlərin, o cümlədən bank kartları ilə əməliyyatların həcmi sürətlə genişlənir. AcccessBank-da bununla bağlı son rəqəmlər necədir?

-Bildiyiniz kimi, AccessBank əsasən mikromaliyyələşdirmə üzrə ixtisaslaşıb, bizdə nağdsız ödəniş istifadəçiləri az deyil, lakin regionlarda nağd ödənişlərin payı hələ də yüksəkdir.

Pərakəndə bankçılıqda nağdsız ödənişlər sahəsində mühüm işlər görülür, infrastruktur təkmilləşdirilir. Fevralın 22-də AccessBank bütün kart əməliyyatlarını müvəqqəti olaraq dayandırıb və Azericard prosessinq mərkəzinə keçib. Miqrasiya prosesinin uğurlu həyata keçirilməsinin əsas səbəbi isə müştəri və partnyorlarla düzgün qurulmuş xəbərdarlıq və kommunikasiya planı oldu.

Miqrasiya bank müştəri ödənişlərinin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi, əməliyyatların sürətləndirilməsi, risklərin idarə edilməsi və ümumilikdə xidmətin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirildi.

– Bank kartları əməliyyatların artması sizin üçün nə kimi fürsətlər və eyni zamanda riskləri ortaya çıxarır? Bank kartları ilə əməliyyatların təhlükəsizliyi necə həyata keçirilir?

– Qeyd etmək istərdim ki, nağdsız ödənişlər nağd ödənişlərdən daha təhlükəsizdir, çünki burada bütün əməliyyat boyu şəffaflıq var. Təbii ki, fişinq və digər kibertəhdid riskləri var, ancaq belə bir problem yaranan kimi bank dərhal aşkarlayır və müştərilərinə yardım edir. Kart əməliyyatları ilə bağlı aldadılma və ya dələduzluq halları adətən müştərilərin səhvi üzündən baş verir. Belə hallar AccessBank-da və ümumiyyətlə bank sektorunda çox azdır. Mərkəzi Bank tərəfindən tənzimləmə və banklar tərəfindən kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində görülən işlər müştərilərinin maarifləndirilməsinə çox müsbət təsir edir.

Kartların PIN-kod, 3D təhlükəsizlik kodu, SMS bildirişləri kimi bir çox təhlükəsizlik xüsusiyyətləri var. Müştəri bu vasitələrdən kartla bağlı istifadə etməsə belə, bizim yerlərdə tətbiq edə biləcəyimiz məhdudiyyətlər var. Kart əməliyyatlarında hər hansı gözlənilməz aktivlik müşahidə olunarsa, dərhal onu bloklayaraq müştəriyə məlumat veririk. Yəni müxtəlif səviyyəli müdafiə vasitələri var. Ümumiyyətlə, risk həmişə var və bu, cüzdanınızda saxladığınız vəsaitlərə də aiddir. Cüzdanınızı itirə bilərsiniz və ya pulunuz oğurlana bilər. Eyni şey sizin kartınızla da baş verərsə, banka telefon zəngi edirsiniz və biz itirilmiş kartı bloklayacağıq və yenisini təyin edəcəyik.

– Davit bəy, Azərbaycanda biznes kredit faizlərinin yüksək olmasından müştərilər şikayət edir. Banklar isə əksini düşünür. Sizin məsələyə baxışınız necədir?

– Bankların xərc-gəlir nisbətinə baxın, Azərbaycanda bankların xərcləri kifayət qədər yüksəkdir ki, bu da təbii ki, kreditlərin faiz dərəcələrinə təsir edir. Xərclər dedikdə, depozitlər üzrə faiz dərəcələrini də nəzərdə tuturam – 1 illik əmanətlər manat üçün 10-11% arasındadır.

Adətən, sahibkarlar Azərbaycanda kredit faizlərini Avropadakı ilə müqayisə edirlər və 2-3 il əvvəl başlanğıc nöqtəsinin 2% civarında olduğunu bildirirlər. Amma son vaxtlar hətta Avropada faiz dərəcələri əhəmiyyətli dərəcədə artıb. Hazırda Avropa Mərkəzi Bankının uçot dərəcəsi 5%-ə yaxındır, FED-in uçot dərəcəsi isə 5%-dən yüksəkdir. Hazırda dünyada endirim dərəcələri də yüksəkdir. Məsələn, Azərbaycanda istehlak kreditləri 11-22% arasında təklif olunur. Yəni bir müştəri 11 faizlə, digəri 22 faizlə kredit ala bilər. Bəs bu fərq nədən qaynaqlanır? Bu fərq adətən müştərinin risk profilindən asılıdır. Yüksək riskli müştəriyə yüksək faizlə kredit təklif olunur və əksinə. Hər kəsə standart bir kredit dərəcəsi təklif etsəniz, bu, aşağı riskli müştərinin yüksək riskli müştərinin risklərini kompensasiya edəcəyi anlamına gələcək. Beləliklə, əgər kredit faizi aşağı olarsa, deyək ki, 11% olacaq, və eyni zamanda depozitlər 10% civarında cari faiz dərəcələrində qalsa, xərclər gəlirdən çox olacağı üçün bank işinin bütün məntiqi pozulacaq.

Azərbaycan Mərkəzi Bankı bu yaxınlarda maliyyə sektoru üzrə 2024-2026-cı illəri əhatə edən yeni strategiya qəbul edib. Sizcə, bu, bank sektoruna necə təsir edəcək?

– Azərbaycanda işlədiyim iki il ərzində apardığım müşahidələr göstərir ki, Mərkəzi Bankın qəbul etdiyi qanunlar və ya qərarlar maliyyə sektorunun sabitliyinin qorunmasına xidmət edir. Yeni strategiyaya gəlincə, mühüm məsələlərdən biri Bazel III prinsiplərinə keçiddir. Bu olmalıdır. Bir çox ölkələr artıq buna keçib və hesab edirəm ki, bu, şəffaflığı və müqayisəliliyi təmin edəcək. Əsasən, Bazel III prinsipləri maliyyə institutlarının kapital mövqelərini daha yaxşı müqayisə etməyə imkan verəcək və investorlar baxımından qiymətləndirmə yükünü yüngülləşdirməlidir. Prinsip aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasını da (IFRS) mümkün edir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Mərkəzi Bankı yerində dayanmır, maliyyə sektorunun inkişafı üçün davamlı addımlar atılır.

-2024-cü il üzrə Bankın inkişaf strategiyası və maliyyə göstəriciləri ilə bağlı əsas hədəfləri nədir? Hansı yeniliklər olacaq?

Müştəri tələbləri müştəridən müştəriyə fərqlidir, bəziləri əmanətlər üzrə sərfəli faiz gəliri axtarır, bəziləri etibarlı bank kartları, digərləri kreditlər üzrə sərfəli şərtlər və s.

– Bizim çox sadə strategiyamız var, o da müştərilərimizi məmnun etməkdir. Bütün görülən işlər bunu təmin etmək üçündür. Müştəri tələbləri fərqlidir, bəziləri əmanətlər üzrə sərfəli faiz gəliri axtarırlar, bəziləri etibarlı bank kartları, digərləri kreditlər üzrə sərfəli şərtlər və s. Biz bütün tələbləri əhatə etməyə və müştəri bazamızı genişləndirməyə çalışırıq. Bu il biz bankın illik artımını təxminən 15% və kapitalın gəlirliliyini (ROE) təxminən 20% təmin etməyi hədəfləyirik. Biz digər göstəriciləri də izləyirik, lakin bu ikisi diqqətimizi çəkən əsas göstəricilər olaraq qalır. Çünki bank böyüyürsə və eyni zamanda öz kapitalının artımını təmin edərsə, deməli gələcək artımı dəstəkləyə biləcək, bu da öz növbəsində müştərilərimizlə və müştərilərimiz üçün daha çox iş və məhsul deməkdir.

Yeniliklərə gəldikdə isə, qeyd etdiyim kimi, strategiyamıza uyğun olaraq, il ərzində yeni məhsulların, yeni kampaniyaları təqdim edilməsi, yeni prosessinq mərkəzinə miqrasiya hesabına isə nağdsız hesablaşmalar sahəsində müasir ödəniş vasitələrinin tətbiqi, filial şəbəkəsinin genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)