Azərbaycanlı investor Rusiyada sanatoriyaların tikintisinə 165 mln. manat xərcləyəcək
Azərbaycan şirkəti Jeleznovodsk şəhərinin xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 mlrd. rubla (165,6 mln. manat) yaxın sərmayə qoymağı planlaşdırır.
Məlumata görə, bunu kurortun rəhbəri Yevgeniy Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində deyib.
"İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək", - Yevgeniy Bakulin qeyd edib.
Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 Rusiya rublu 0,0184 manata bərabərdir.