Yanvarda Azərbaycanda sığortaçıların sığorta haqları 5,5%, ödənişləri 10,3% artıb
2024-cü ilin yanvar ayında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 139 milyon 113,5 min manat təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 118 milyon 306,6 min manat (artım 4,2%) və ya bazar üzrə bütün sığorta haqlarının 85%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 40 milyon 171,8 min manat (artım 17,1%), qeyri-həyat sığortası üzrə sığorta haqları 78 milyon 134,7 min manat (azalma 1,3%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 20 milyon 806,9 min manat (artım 13,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (37 milyon 870,6 min manat), könüllü tibbi sığorta (52 milyon 108 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (12 milyon 330 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 73,5%-ni təmin edib.
Yanvar ayında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 38 milyon 783 min manat yönəldiblər ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 10,3% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 30 milyon 547,4 min manat (artım 13,7%) və ya bazar üzrə bütün ödənişlərin 78,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 21 milyon 558,6 min manat (artım 9,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 8 milyon 988,7 min manat (artım 24,9%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 8 milyon 235,7 min manat (azalma 0,8%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (7 milyon 940,7 min manat), həyatın yaşam sığortası (21 milyon 317,3 min manat) və könüllü tibbi sığorta (6 milyon 233,3 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-noyabr aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 91,5%-ni təmin edib.
Yanvar ayı ərzində həyatın yaşam sığortası üzrə ödənişlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb.
Yanvarın sonuna Azərbaycanda 17 sığorta şirkəti fəaliyyət göstərib.
AMB-nin məlumatına görə, 2024-cü ilin yanvar ayında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (37,811 milyon manat), “PAŞA Sığorta” (68,701 milyon manat), “Atəşgah Həyat Sığorta” (5,004 milyon manat), “Aqrar Sığorta” (6,899 milyon manat) və “Atəşgah Sığorta” (4,187 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 881%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar ayında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (17,791 milyon manat), “PAŞA Sığorta” (8,482 milyon manat), “Atəşgah Sığorta (1,343 milyon manat), “Atəşgah Həyat Sığorta” (3,477 milyon manat) və “Xalq Sığorta” (910 min manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 82,5%-i bu 5 şirkətin payına düşüb.
Yanvar ayında sığorta sektorunun penetrasiya səviyyəsi 1,5% təşkil edib.