Azərbaycan və ABŞ Avropaya qaz ixracında razılığa gəlib
Vaşinqtonda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşlər keçirib.
“ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə COP29 tədbirinə sədrliyi dövründə Azərbaycanın “yaşıl enerji” keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC), “yaşıl enerji” dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib”, - deyə Energetika Nazirliyindən bildirilib.
P.Şahbazov Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığını, elektrik enerjisində bərpa olunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyini bildirib.
“Görüşdə, həmçinin Xəzər dənizinin 157 QVt külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icra olunduğu qeyd edilib”, - deyə məlumatda qeyd olunub.
ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə isə müasir enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizi kimi enerji təchizatını şaxələndirən infrastrukturların inkişafı əsas müzakirə mövzusu olub.
“Azərbaycanın hazırda 8 ölkəyə qaz təchiz etdiyi, əlavə qaz tədarükünün Cənub Qaz Dəhlizi ilə yanaşı, “Həmrəylik Halqası”nın ötürücülük gücünün artırılmasını tələb etdiyi qeyd edilib. Cənub Qaz Dəhlizinin birinci mərhələsində olduğu kimi genişləndirilməsi prosesinə də ABŞ-nin dəstəyi istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Azərbaycan qazına tələbin artmasını nəzərə alaraq Avropaya ən azı 20 milyard kubmetr qazın tədarükü (2027-ci ilədək – İF) üçün TANAP və TAP qaz kəmərlərinin ötürücülük gücünün artırılması hesabına CQD-nin genişləndirilməsi planlaşdırılır.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Hazırda Azərbaycan Avropanın 6 ölkəsinə - İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz tədarükü haqqında müqavilələr bağlayıb. Eyni zamanda, daha bir neçə ölkə Azərbaycandan qaz almaq niyyətindədir.