ABŞ Xəzinədarlığının istiqrazlarına sahib olan xarici ölkələr - TOP10-SİYAHI
ABŞ Maliyyə Nazirliyi 2023-cü ilin dekabr ayı üçün ən çox ABŞ xəzinə istiqrazlarına sahib olan xarici ölkələrin məlumatlarını açıqlayıb.
ENA.az xəbər verir ki, məlumata görə, əcnəbilərin ABŞ xəzinə veksel və istiqraz aktivləri ardıcıl ikinci ay artaraq, təxminən 8,06 trilyon dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Xaricilər 2023-cü ilin noyabrında 7 trilyon 808 milyard dollarlıq istiqrazlara sahib olublar. Maraqlıdır ki, əcnəbilərin əlində olan ABŞ xəzinə istiqrazlarının ümumi məbləği 2022-ci ilin dekabr ayı ilə müqayisədə 10,5 faiz və ya 766 milyard dollar artıb.
ABŞ mərkəzi bankı Fed-in faiz dərəcələrini aşağı salması ilə bazar qiymətləri aşağı düşdükdən sonra ABŞ xəzinə istiqrazlarının artan xarici alışları, son bir neçə ayın yüksəliş tendensiyasını davam etdirib.
2023-cü ilin dekabrında yüzdə 4,22 ilə başlayan ABŞ 10 illik istiqraz faizi ayı 3,94% ilə tamamladı.
Ən çox Yaponiya, Çin və İngiltərə var
Ən çox xəzinə istiqrazlarına sahib olan ölkələr arasında Yaponiya, Çin və Böyük Britaniya ABŞ dövlət istiqrazlarının aylıq və illik alışında liderlik edib.
Keçən il dünyanın üçüncü böyük iqtisadiyyatı ünvanını Almaniyaya itirən Yaponiya, 2023-cü ilin dekabrında 1 trilyon 138 milyard dollar dəyərində ABŞ xəzinə veksel və istiqrazları ilə bu sahədə birinci yerdədir.
Çin ikinci yerdədir, sözügedən istiqrazların yüzdə 10-dan çoxuna sahibdir. Çinin əlində olan istiqrazların maliyyə ekvivalenti 816,3 milyard dollar təşkil edir.
Ötən ilin eyni ayı ilə müqayisədə Yaponiyanın ABŞ aktivləri 63 milyard dollar artarkən, Çinin aktivləri 51 milyard dollar azalıb. 2023-cü ilin noyabr ayı ilə müqayisədə Yaponiyanın aktivləri 10,5 milyard dollar, Çinin aktivləri isə 34,3 milyard dollar artıb.
Çinin ABŞ xəzinə istiqrazlarının ardıcıl 7 ay azalmasından sonra son iki ayda artması da diqqət çəkib.
Dünyanın ikinci və dördüncü iqtisadiyyatları olan Çin və Yaponiya ABŞ-ın dövlət borcunu saxlamaqla ABŞ iqtisadiyyatına maliyyə təmin etməklə öz ixracatlarına yol açır.
İngiltərə rekorda imza atdı
Böyük Britaniya isə 2023-cü ilin dekabrında ABŞ-dakı istiqraz aktivlərini 753,7 milyard dollara çatdıraraq rekord səviyyəyə yüksəldi. Sözügedən ölkənin aktivlərində artım 2023-cü ilin noyabr ayı ilə müqayisədə 37,5 milyard dollar, 2022-ci ilin dekabr ayı ilə müqayisədə isə 114,2 milyard dollar olub.
Dördüncü yerdə 370,7 milyard dollarlıq ABŞ xəzinə istiqrazlarına malik Lüksemburq gəlir. Kanada 336,1 milyard dollarla beşinci, İrlandiya 332,3 milyard dollarla altıncı, Belçika 314,4 milyard dollarla yeddinci, dünya hedc fondlarının 50 faizindən çoxuna sahib olan Kayman adaları isə 305,2 milyard dollarla səkkizinci yerdədir.
ABŞ-ın ən çox xəzinə istiqrazlarına sahib olan ölkələr arasında İsveçrə təxminən 287,6 milyard dollarla doqquzuncu, Fransa isə 260 milyard dollarla onuncu yerdədir.