Hadisə

Navalnı özünü pis hiss edib, huşunu itirib və oradaca ölüb. Həkimlərin rəsmi açıqlaması isə hələ yoxdur

Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər. Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.

O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: “Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.

Qeyd edək ki, Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Bu barədə TASS məlumat yayıb. Hazırda onun ölüm səbəbləri araşdırılır.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər:

"Hadisə yerinə dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri tibbi yardım tədbirlər aparılıb, lakin bu müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır".

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, siyasətçinin ölüm səbəbinə tibb işçiləri qiymət verməlidir.

Xatırladaq ki, Aleksey Navalnının 47 yaşı var idi.

Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəzaçəkmə kamerasına göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)