İranın xarici banklardakı depozitləri azalıb
İranın xarici banklardakı depozitləri 5.3 milyard dollar azalaraq 12.7 milyard dollara düşüb.
Məlumatı Beynəlxalq Hesablaşmalar Bankı yayıb.
Bu, 2023-cü ilin sonuncu üç rübünün, martın 21-dən dekabrın 21-dək olan dövrün göstəriciləridir.
Bildirilib ki, bu müddət ərzində İranın xarici banklarda və maliyyə qurumlarında depoziti 12 milyard 763 milyon dollar olub. Bu isə 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 5.3 milyarda dollar azalma deməkdir.
Məlumata görə, hesabat dövründə xarici banklara depozitin 69 faizi, yaxud 8 milyard 803 milyonu avro, 433 milyonu isə dollarla qoyulub.
Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankının baş ofisi İsveçrənin Bazel şəhərində yerləşir. Təşkilat ildə 4 dəfə beynəlxalq bankçılıq və maliyyə bazarlarında inkişafla bağlı hesabat hazırlayır. 63 ölkənin mərkəzi bankları bu maliyyə qurumunun üzvüdür.