Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri qurulacaq
Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri qurulacaq.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı bildirib.
Dövlət başçısına Lənkəran “ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər – İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.
Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN xidmət” mərkəzi sayca 27-cidir.