Təkcə insanlar deyil, dövlətlər də borc alır: Dünyada ən çox borcu olan dövlətlər hansılardır?
Qlobal dövlət borcu 2023-cü ildə ötən ilə isbətən 5,4 faiz artaraq 97 trilyon dollara çatıb. ABŞ təxminən 33 trilyon dollarla dünyanın ən çox borcu olan dövlətidir.
Xüsusilə səhiyyə, sosial sahələr və məşğulluğun dəstəklənməsi üçün verilən stimullarla hökumətlər xərclərin maliyyələşdirilməsi üçün böyük məbləğdə borc götürdülər ki, bu da dövlət borcunun sürətlə artmasına səbəb oldu.
Aşağı faiz dərəcələri hökumətlərin borc götürməsini daha cəlbedici etsə də, xüsusən də inkişaf etmiş ölkələrdə qocalmış əhali üçün səhiyyə və pensiya xərclərinin artması hökumət büdcələrinə təzyiq göstərir ki, bu da bu xərcləri ödəmək üçün borclanma yükünü artırıb.
Rusiya və Ukrayna arasındakı müharibə qlobal enerji qiymətlərində yüksələn təzyiq yaratsa da, əksər ölkələr enerji xərclərini öz vətəndaşlarına ötürməmək üçün subsidiyaları gücləndirdi və bu da büdcəyə növbəti təzyiq yaratdı.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Covid-19-dan əvvəl 2019-cu ildə 74 trilyon dollar səviyyəsində olan qlobal dövlət borcu 2019-cu ilə nisbətən 32,8 faiz, 2023-cü ildə isə 5,4 faiz artaraq 97 trilyon dollara çatıb.
ABŞ qlobal dövlət borcunda 32 faiz paya malikdir
ABŞ bu il dövlət borcu keçən illə müqayisədə 10 faiz artaraq 33 trilyon dollara çataraq dünyanın ən çox borcu olan ölkə kimi önə çıxır. Covid-19 ilə iqtisadi mübarizə aparmaq üçün ABŞ hökuməti vətəndaşlarına milyardlarla dollarlıq birbaşa ödənişlər edərkən, işsizlik müavinətlərini genişləndirərkən və şirkətlərə, əyalətlərə və yerli hökumətlərə maliyyə dəstəyi verərkən bəzi irimiqyaslı xərc qanunlarını qəbul etdi.
Epidemiya ABŞ-da da iqtisadiyyatın yavaşlamasına səbəb olarkən, ABŞ-ın dövlət borcuna mənfi təsir göstərən başqa bir gözlənilməz faktor kimi Rusiya-Ukrayna müharibəsi ön plana çıxdı.
Qlobal enerji tənliyində köklü dəyişikliklərə səbəb olan müharibə neft və təbii qaz qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da inflyasiyanın artmasına səbəb oldu.
Amerikanın uzunmüddətli maliyyə problemlərini həll etmək üçün çalışan Peterson Fondunun baş icraçı direktoru Maykl Peterson ölkənin borcunun 33 trilyon dolları ötməsinə dair qiymətləndirməsində qanunvericilərin bir qısamüddətli maliyyə böhranından digərinə sürükləndiyini və ABŞ-ın milli borcunun trilyonlarla dollar artacağını söyləyib.
32 trilyon dollarlıq borc həddinin ölkənin iyun ayındaki borc limiti "mübarizəsindən" sonra aşıldığını ifadə edən Peterson, siyasətçilərin real maliyyə problemini həll etməyən partizan döyüşləri yerinə əsas problem olan borcun özünə fokuslanmasını istədiyini ifadə edib. ABŞ-ın dövlət borcunun qlobal borcun 32 faizinə uyğun olması da diqqət çəkir.
Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbəti 255 faizdir
Çin, 2023-cü ilin oktyabrına 17,2 trilyon dollara çatan dövlət borcu ilə ABŞ-dan sonra dünyanın ən çox borcu olan ölkəsidir. İnfrastruktur və sosial-iqtisadi proqramlara külli miqdarda vəsait xərcləyən Çin hökuməti son illərdə Çin Mərkəzi Bankının iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı səviyyədə saxlaması səbəbindən borclanma həcmini artırıb.
Digər tərəfdən, Çin iqtisadiyyatında sabit artım və vergi daxilolmalarının artması o deməkdir ki, artıma baxmayaraq, Çinin dövlət borcunun hələ də idarə oluna bilən səviyyədə olduğu və iqtisadiyyat üçün böyük risk yaratmayacağı gözlənilir.
Yaponiya 11 trilyon dollarlıq dövlət borcu ilə ABŞ və Çini geridə qoysa da, borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 255 faizə çatmaqla bu sahədə açıq-aydın liderdir. Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbətinin yüksək olmasının əsas səbəbi kimi onun əhalisinin qocalması, bu əhaliyə dəstək xərclərinin artması və vergi ödəyən gənc əhalinin sayının azalması göstərilir.
BMT beynəlxalq maliyyə sistemində islahatlara çağırır
Qlobal dövlət borcu sürətlə artarkən, Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda bu artımla bağlı xəbərdarlıqlar yer alıb.
“Bu, borclu bir dünyadır" deyilən “Qlobal rifahın artan yükü” başlıqlı hesabatda hazırda dünyada təxminən 3,5 milyard insanın borc faizlərinin səhiyyə və təhsil xərclərini üstələdiyi ölkələrdə yaşadığına diqqət çəkilib.
Hesabatda bəzi hökumətlərin səhiyyə və təhsil kimi kritik sektorlara deyil, borc ödənişlərinə daha çox pul xərcləməli olması "narahatedici vəziyyət" kimi səciyyələndirilib və beynəlxalq maliyyə sistemində təcili hərtərəfli islahatlara çağırılıb.