ENA+

AQTA rəsmisi: “Qəssaba etibar etməklə təhlükələrdən sığortalana bilmərik”

“Küçədə qanunsuz fəaliyyət göstərən qəssab heyvanın xəstəlik əleyhinə 2 gün əvvəl vaksinasiya olunmasından xəbərsizdir”


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev sualları cavablandırıb. 

Onunla müsahibəni təqdim edirik:

- Qalib müəllim, bildiyimiz kimi  Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq qanunsuz heyvan kəsimi və qanunsuz ət satışı fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlər həyata keçirilir. Maraqlıdır, məntəqənin qanunsuz heyvan kəsimi və satışı ilə məşğul olması hansı meyarlarla ölçülür?
 

- Çox düzgün qeyd edirsiniz ki, qanunsuz deyəndə nə nəzərdə tutulur, yaxud qanuni olan hansıdır. Qısaca haşiyəyə çıxaraq onu deyim ki, ət insan qidası üçün xüsusi əhəmiyyətə malikdir. Ət zülal mənbəyi kimi orqanizmə olduqca lazımdır. Onu əvəz edən başqa bir qida məhsulu yoxdur. Bununla bərabər ət özündə müəyyən xəstəlik riskləri daşıyan qida məhsuludur. Bu ondan ibarətdir ki, heyvan sağ olduğu dövrdə insan sağlamlığı üçün təhlükəli olan müəyyən xəstəliklərin daşıyıcısı ola bilər. Bunlara “zoonos” xəstəliklər deyilir. İlkin olaraq bu aydınlaşdırılmalıdır. 
İkinci, heyvan kəsilən, emal olunan və daşınan vaxt elə zərərli amillərlə sirayətlənə bilər ki, bu da orqanizm üçün təhlükəli ola bilər. Bu iki cəhət nəzərə alınaraq, heyvanın kəsilməsi, ətin emalı və daşınması üçün xüsusi şərtlər müəyyən olunur. Bu şərtlərdən kənara çıxan obyekt, məntəqə qanunsuz hesab olunur. O yerdə ki, heyvanın kəsilməsi, ətin emalı və başqa məhsulların istehsalına icazə verilir, ilkin olaraq onlar baytarlıq- sanitariya tələblərinə, ikinicisi sanitar-gigiyena tələblərinə cavab verməlidirlər. 
Üçüncüsü, bu tələblərin gözlənilməsi üçün bütün texnoloji ardıcıllıq olmalıdır ki, həmin yerdə qeyd olunan məhsulun emlı və istehsalı aparılsın. Bunlar heyvan kəsimi məntəqələrində qoyulan başlıca tələblərdir.

 

- Bu gün Bakıda, eləcə də regionlarda çox sayda ət kəsimi məntəqləri fəaliyyət göstərir. Gözümüzün qabağında kəsilən və keyfiyyətinə daha çox əmin olduğumuz kəsim məntəqələrindən ət almağa üstünlük veririk. Son zamanlar isə AQTA heyvan kəsimi məntəqələrini nəzarətə götürür və yeni ət kəsimi məntəqələri fəaliyyətə başlayır. Bəzən göz önündə kəsilən ətlərin keyfiyyətinə şübhə ilə yanaşdığımız bir vaxtda, yeni yaradılan məntəqlərdə satılan ətlərin təmiz, gigiyenik, bildiyimiz dana, quzu əti olmasına necə təminat verəcəksiniz?
 

- Bizdəki bu mənfi stereotip, daha çox müstəqillik dövründən sonrakı keçid dövründə olan  boşluqdan istifadə edilərək, qanunsuz heyvan kəsimi rejimində formalaşıb. Sadəcə, adamların başqa çıxış yolu yoxdur. Ona görə də yalnız etibar etdikləri qəssabdan, gözünün qabağında kəsilən əti almağa üstünlük verirlər. Bu sadəcə etibarsızlığın, inamsızlığın yaranmasından irəli gələn çıxış yoludur. Dünyanın heç bir yerində, mən inkişaf etmiş ölkələri nəzərdə tuturam, belə bir təcrübə mövcud deyil. Bizim özümüzdə də sovet hökumətinin vaxtında yaşayanlar təsdiqləyər ki, ət satışa mütləq şəkildə ət kombinatından getməli idi, başqa yol yox idi. Kim harada, necə istəyirsə heyvan kəsib, əti harada istəyir saxlayıb, kəsib sata bilir. İnsanlar da “mən bunu tanıyıram” fikrilə özünə təsəlli verməyə çalışır. Ölkə rəhbərinin qarşımıza qoyduğu, bizim də həyata keçirmək istədiyimiz fəaliyyət bundan ibarətdir ki, ümumilikdə heyvan kəsimi, ət istehsalı və emalına yönəlmiş siyasət formalaşdırılsın. Burada ilk növbədə beynəlxalq tələblərə əməl ediləcək.

Heç bir Azərbaycan vətəndaşı, o cümlədən qanunsuz ət satışı ilə məşğul olanlar da, heyvanı daşıyan adam da istəməz ki, zərərli fəaliyyətlə məşğul olsun, satdığı ət kiminsə səhhətinə mənfi təsir göstərsin. Biz sadəcə maarifləndirmə işlərini artıraraq, mövcud vəziyyəti aydınlaşdıraraq, dünya təcrübəsini göstərməklə yeni təcrübəni bir yerdə formalaşdırmağa çalışırıq. Hazırda bu yolda irəliləyirik.

Sualınızın o hissəsinə qayıdıram ki, mənim tanıdığım adam özü də bilmədən mənə zərər yetirə bilər. Bir misal deyim: bütün heyvan kəsimi müəssisələrində kəsilən heyvanlar-istər iribuynuzlu, istərsə xırdabuynuzlular olsun, ya bazarlardan, ya da ailə-kəndli-fermer təsərrüfatlarından alınır. Axı bu qəssab hardan bilir ki, kəsdiyi heyvan 2-3 gün əvvəl hansısa xəstəlik əleyhinə vaksinlə peyvənd olunmayıb? Bu çox zərərli bir şeydir. Çünki qaydalara görə heyvan vaksinlə peyvənd olunduqdan sonra ən azı iki həftə kəsilməməlidir. İki həftə ərzində onun ətindən, südündən istifadə etmək olmaz. Bizim təsərrüfatlarda heyvanların sağlamlığını gözləmək üçün çoxlu dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri həyata keçirilir. Bu zaman istər-istəməz kimyəvi maddələrdən istifadə edilir. Bu vaxt isə heyvan həmin maddələrlə təmasda olur. Həmin heyvanın da kəsilməsi üçün müəyyən gözləmə dövrü olmalıdır. Bizim etibar etdiyimiz qəssab bilirmi ki, bu doğrudan da belədir? Ona görə də qəssaba etibar etməklə, heyvanın gözümüzün qarşısında kəsilməsilə biz bu təhlükələrdən sığortalana bilmərik.
 

- AQTA-nın heyvan kəsimi məntəqlərilə bağlı başlatdığı işlər çərçivəsində heyvan kəsimi məntəqələri bağlanaraq, yeniləri açılacaq, yoxsa əvvəlkilər təkmilləşdiriləcək?
 

- Biz kiçik, orta və böyük ölçülü heyvan kəsimi müəssələrinin texnoloji layihəsini hazırlayıb bütün sahibkarlara təqdim edəcəyik. Artıq bir çox sahibkara bu cür metodiki vəsaitlər  paylanılıb. Seçim könüllü və sərbəstdir. Vətəndaş özü heyvan kəsimi məntəqəsi yaratmaq istəyirsə, ona da yardımçı oluruq. O, istədiyi yerdə heyvan kəsimi məntəqəsi yarada bilər. Yaxud  ənənəvi əlaqələri olduğundan bir neçə nəfər birləşib kəsim məntəqəsi yarada bilərlər. Həmçinin, mövcud olan başqa bir müəssisənin xidmətindən istifadə edə bilərlər. Bütün bunlarla yanaşı, respublika ərazisində heyvan kəsimi və ət dövriyyəsi mədəniyyəti yaranacaq. İndiki halda bu fəaliyyətlə məşğul olan sahibkarların daha çox çətinlikləri var. Öz fəaliyyətlərini təkmilləşdirməyə çalışan bütün sahibkarlara tərəfimizdən peşəkar köməkliklər göstərilir.

- Qalib müəllim, qeyd etdiyiniz çətinliklər nədən ibarətdir?
 

- Birincisi, sahibkar mütləq haradansa heyvan tapıb gətirməlidir, respublikanın rayonlarına getməlidir. Heç vaxt ola bilməz ki, bir qəssab kəsim məntəqəsindəki heyvanların hamısını özü yetişdirsin. Bunun üçün böyük kompleks lazımdır. Biz qəssabı bu qayğıdan qurtarırıq. Yəni hazırda görülən işlər həmin prosesə doğru aparır. Bu gün qəssab öz müştərisini təmin etmək üçün hər gün mütləq bir heyvan kəsməlidir. Bu heyvanı tapmalıdır, saxlamaladır və s. Bunların hamısı həm əziyyətdir, həm xərcdir, həm də fəaliyyətin səmərəsizliyinə gətirib çıxarır. Amma heyvan kəsimi məntəqəsi formasında şəffaf bir şəbəkə yarandıqda qəssab bu müəssisə ilə qarşılıqlı əlaqədə işləyəcək. Oturacaq dükanında, əgər istəyirsə, heyvanı aparıb orada kəsib gətirib satacaq. Yaxud öz ehtiyacına uyğun sifariş verəcək ki, kəsim məntəqəsindən ona logistik tələbat ödənilməklə, temperatur rejimi gözlənilməklə, nəzarətdən keçirilmiş və kəsilmiş heyvanın əti gətirilsin. Belə olan təqdirdə nə qəssab müştərisini itirəcək, nə də əlavə xərclərlə qarşılaşacaq. Bu dünyanın hər yerində tətbiq edilən təcrübədir ki, bizdə də formalaşacaq.
 

- Prosesin yekunlaşması nə vaxta nəzərdə tutulub?
 

- Biz bu işlərə inzibati metodlarla yanaşmaq və qısa müddətdə həyata keçirmək sahibkarlarımıza çox böyük əziyyət və zərər vermiş olar. Doğrudur, problemlər mövcuddur, şərh olunur, izahı verilir. Bununla yanaşı, maarifləndirmə tədbirləri həyata keçiririk. Bəzi hallarda reydlər formasında daha təsirli tədbirlər həyata keçirilir. Qeyd etmək istəyirəm ki, ölkə rəhbərinin sərəncamı ilə bu məsələlərdə müəyyən tapşırıqlar yerli İcra Hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinə həvalə olunub. Onlar da bu işdə çox aktiv fəaliyyət göstərirlər. Birgə çalışırıq həm əhaliyə zərər vermədən, həm də sahibkarın fəaliyyətini pozmadan, elə bir şərait yaradaq ki, istehlakçıların da tələbləri ödənilsin. Ona görə də konkret vaxt demək ki, 3 aydan sonra proses yekunlaşacaq, bu doğru olmaz. Yalnız onu deyə bilərəm ki, respublikanın hər yerində heyvan kəsimi və ət dövriyyəsi dünya standartlarına uyğunlaşdırılanadək davam etdiriləcək.
 

- Qalib müəllim, AQTA-nın şüarı olan qida zəncirinin mahiyyəti nədən ibarətdir?
 

- Qida zənciri tarlada başlayıb süfrədə bitir. Tarladan sonra ətin istehsal olunan yeri heyvandarlıq təsərrüfatdır. O təsərrüfatda ətin tərkibi, keyfiyyəti, heyvanın qəbul etdiyi yemdən asılıdır. Orada mütəxəssis olmalıdır ki, heyvanın hansı yemlə, hansı qarışımla, hansı ardıcıllıqla qidalandığına nəzarət etsin. Bu, bir növ ət istehsalı üçün xammaldır. Ona görə də təsərrüfatda, Agentlikdə sertifikasiyadan keçməmiş baytar mütəxəssisi tərəfindən baytarlıq xidmətinin aparıldığı görülsə, bu bizim ixrac potensialımıza mənfi təsir edən amil olar. Yəni bizim alıcımız, hansı ki, tələbat yüksəkdir, Avropanın özündə bizdən ət, süd və ya başqa məhsullar alsalar, mütləq təsərrüfatları yoxlayacaqlar ki, burada gündəlik olaraq baytarlıq xidməti göstərən baytar həkimi hansı səviyyədədir. Hansı yemdən istifadə olunub, heyvanların saxlanma şəraiti necədir, hansı müalicə sxemi tətbiq olunur və s. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı, Heyvan Sağlamlığı Təşkilatı və s. tərəfindən çox böyük təşəbbüs həyata keçirilir ki, baytarlıqda antibiotiklərdən istifadə olunmasın. Antibiotik rezidentliyi artıq bir startegiyadır. 2030-cu ilədək dünyada baytarlıq təsərrüfatlarında antibiotiklərdən istifadənin aradan qaldırılması nəzərdə tutulub.
 

- Bunun səbəbi nədir?
 

- Bu onunla əlaqədardır ki, heyvan antibiotiklə müalicə olunduqda, biz istər-istəməz bu və ya digər məhsulun tərkibində həmin antibiotiki qəbul edirik. Sonra insan özü xəstələndikdə, o antibiotik insana təsir etmir. Bir misal çəkim: İkinci Dünya Müharibəsi vaxtında sadə antibiotik olan pensilin milyonlarla insanı xilas etdi. Amma zaman keçdikcə, insan orqanizmində həmin antibiotiklə uyğunlaşma getdi, sintetik, uzunmüddətli təsir qüvvəsinə malik olan antibiotiklər meydana gəldi, bununla bərabər adamlarda rezidentlik də artdı. Artıq o yerə gəlmişik ki, məhsulların tərkibində antibiotik qəbulunu dayandıraq ki, özümüzə müalicə üçün antibiotik lazım olanda bizə təsir etsin. Dünya hazırda bu təşəbbüslə çıxış edir. Bizim də təbliğ etdiyimiz heyvanların nəzarətdə kəsilməsi, bazarlarda, marketlərdə heyvan mənşəli heyvanların üzərində nəzarət olunsun, bunun son məqsədi, hədəfi bunlardan ibarətdir.
 

- Azərbaycanın özünü ətlə təminetmə səviyyəsi 100 faiz deyil. Elə bu səbəbdən də idxaldan asılılığımız var. Maraqlıdır, xaricdən alınan ətlərin keyfiyyətinə nəzarət hansı şəkildə həyata keçirilir?
 

- Düzgün buyurusunuz ki, biz özümüzü ətlə tam təmin edə bilmirik və idxaldan asılılığımız var. Ət təsnifatlarına görə, tələbatımızın 44 faizi mal əti, 32 faizi toyuq əti, təqribən 22-24 faizi qoyun əti, qalan hissəsi isə balıq və digər dəniz heyvanlarının hesabına ödənilir. Bizim quş və qoyun ətilə özümüzü təminetmə səviyyəmiz 100 faizə yaxındır. Amma ümumi ət və ət məhsullarını nəzərə aldıqda, tələbatımızın təqribən 85 faizini qarşılaya bilirik, idxaldan asılılığımız var. İdxal olunan ətin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üçün dünyada müəyyən təcrübə mövcuddur. Birinci növbədə zoonos xəstəliklərdən mühafizə olunmaq üçün Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının gündəlik məlumatlarından istifadə edirik. Ölkəmiz Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının üzvüdür, eyni zamanda Baş Dövlət Baytarlıq müfəttişi həmin təşkilatın ölkəmizdəki nümayəndəsi olaraq fəaliyyət göstərir. Bu bizə imkan verir ki, online rejimdə sutkanın 24 saatı ərzində xəstəlik barədə informasiya əldə edə bilək. Beynəlxalq qaydalara görə ticarət partnyorumuzda hansısa xəstəlik barədə məlumat daxil olan kimi, müəyyən məhdudiyyətlər tətbiq edilir. Bunların hamısı öyrənildikdən sonra ət məhsulu ölkəyə idxal olunur, gömrük terminalından yaxud sahibkarın öz anbarından nümunə götürülərək, milli sınaq laboratoriyasında müvafiq qaydada analizlər aparılır. Müvafiq olaraq ətin təhlükəsizliyinə əmin olduqdan sonra ölkədə onun dövriyyəsinə icazə verilir.

- Cəmiyyəti bu istiqamətdə daha çox düşündürən məsələ mütəmadi olaraq Daxili İşlər Nazirliyi ilə AQTA tərəfindən mənşəyi məlum olmayan, at, eşşək ətlərinin aşkarlanması ilə bağlıdır. Nə vaxt Azərbaycan istehlakçısı tam əminliklə kafedə, restoranda yediyi ətin keyfiyyətinə əmin olacaq, onda şübhə qalmayacaq ki, istəmədiyi, yemədiyi heyvanın əti qəbul etdiyi qidaya daxil edilməyib?
 

- Bəli, son dövlərdə olan neqativ halların bir təzahürü də bundan ibarətdir. Cəmiyyətdə hər cür adamlar var. Müəyyən hissə var ki, məhz bu cür neqativ yollarla qazanc əldə etməyə üstünlük verir. Azərbaycanlıların mətbəxdə istifadə etmədiyi at, eşşək ətini dana əti adı altında bəzi işbazlar əhaliyə satmağa cəhdlər göstərirlər.  Bu ilk növbədə təhlükəsizliklə bərabər, istehlakçıların hüquqlarının pozulmasına yönəlmiş bir addımdır. Bir çox xalqlar var ki, at ətini istehlak edirlər. Əgər elan olunsa, yaxud qablaşdırma zamanı üzərində at ətinin olduğunu göstərən məlumat olsa, qoy satılsın. Bu zaman seçim vətəndaşa məxsus olacaq. O, üzərində yazılan qeydə əsasən, istədiyi əti ala biləcək. At ətinin dana əti adı altında satılması istehlakçının hüquqlarının pozulmasıdır. İkincisi də, həmin atlar çox primitv, ekoloji cəhətdən təmiz olmayan bir şəraitdə, özü də gecə saatlarında kəsilir. Ət sağlam ət olduğu halda belə, kəsimi, daşınmasından qaynaqlanan təhlükə ilə üz-üzə qalır. Bu risk çox böyükdür. Ona görə də bununla çox cidi mübarizə aparılır.
 

- Nədir bu mübarizə üsulları?
 

- Qarşıya qoyulan tapşırıqlardan biri budur ki, heyvanların identifikasiyası və qeydiyyatı sistemi yaradılsın. Necə ki, hər bir vətəndaşın şəxsiyyət vəsiqəsi var, eləcə də hər bir heyvan haqqında elektron sistemdə onun haqqında məlumatlar olacaq. Lazım gəldiyi halda, çap olunmuş pasporta malik olacaq. Daha sonra heyvanın həyatı boyu izlənilməsi həyata keçiriləcək. Belə olan halda, heyvanların yetişdirildiyi təsərrüfatlar, heyvanın özü, kəsildiyi müəssisə və ət satılan məntəqə qeydiyyatdadır. Bu sxemlə izləmə olacağı halda, bugünkü neqativ hallar tamamilə aradan qaldırılacaq.
 

- Daha bir aktual məsələ, insanların üzərində “Halal” yazılmasına baxmayaraq, şübhə ilə yanaşdığı kolbasa-sosiska istehsalı ilə bağlıdır. Əksəriyyətdə bu fikirlər var ki, donuz piyi qatılmadan kolbasa və sosiska istənilən kimi alınmır. Bu baxımdan AQTA kolbasa-sosiska istehsalı ilə məşğul olan müəssisələrə necə nəzarət edir?
 

- Kolbasa və sosiska emalı müəssisələri də müvafiq qaydada AQTA-da qeydiyyatdan keçir. Proses artıq başlayıb. Hazırda qida təhlükəsizliyilə bağlı tədbirlər planı hazırlanır. Həmin proqram çərçivəsində 7 illik fəaliyyət planlaşdırılır. Növbəti mərhələdə kolbasa və sosiska emalı müəssisələrində monitorinq aparılaraq, şəraiti, qida təhlükəsizliyi baxımından nə dərəcədə adekvat olması qiymətləndiriləcək. Ümumilikdə, bazara məhsul çıxaran hər bir müəssisə AQTA-da qeydiyyatda olmalıdır. Belə olan halda istehsal müəssisəsindəki şəraitə zəmanət verə bilirik ki, burada istehsal məqbuldur yoxsa yox. Eyni zamanda, hansı xammaldan istifadə olunur, hazırlanması zamanı hansı qida resepti tətbiq olunur, son məhsul necə qablaşdırılır və markalanır bunların hamısı biz məlum olur. Donuz piyi müəyyən kolbasaların hazırlanması resptinə daxildir. Sözsüz ki, ”Halal” markası ilə təsnifatlandırılmış kolbasa və sosiskaların tərkibində donuz ətindən istifadədən söhbət gedə bilməz. Amma qalan məsələlər, hansı ki, siz dediyiniz kimi digər heyvanların ətinin ora qarışdırılması, o halda ki, ət qeydiyyatdan keçmiş müəssisədə emal olunub, istər kolbasa olsun, istər sosiska olsun, istərsə sümüksüz ət olsun, farş olsun, bu, əgər doğurdan da qeydiyyatdan keçmiş leqal müəssisədə istehsal olunursa, tam əminliklə demək olar ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. “Halal” nişanlı məhsullara donuz ətinin qarışdırılması kimi neqativ hallara yol verilməsi mümkünsüzdür.
 

- Dönərxanların fəaliyyətilə bağlı fikirləriniz də maraqlıdır. Uzun illərdir ki, Azərbaycanda toyuq dönəri qadağan edilib. Amma hər yerdə toyuqdan hazırlanmış dönərin satıldığını görürük. Bir çox hallarda onların da keyfiyyətinə şübhə ilə yanaşırıq, amma yenə də alıb yeyirik. Bu sahədə qida təhlükəsizliyimiz hansı şəkildə təmin edilir? Nəzarət mexanizmini necə təşkil olunur?
 

- Doğurdan da dönərxanlar son dövrlər məişətimizə daxil olmuş ictimai iaşə obyektləridir. Qeyd etmək lazımdır ki, dönərxanlar heç də insanların restoranlardan az təmasda olduğu yerlər deyil. Bəlkə daha çoxdur deyərdim. Bizim cəmiyyətimizin elə kontingenti var ki, tez hazırlanan qidalardan, “fast food”dan daha çox istifadə etmək məcburiyyətindir. Dönərin hazırlnma prinsipi bundan ibarətdir ki, bişirilib satışa təqdim olunan ətin özü də ət emalı müəssisəsindən çıxmalıdır. Dönər hazırlayan adam özü bazardan ət alıb, onu üst-üstə yığıb dönər hazırlamamalıdır. Dönərin öz hazırlanma texnologiyası var. Dönər üçün xüsusi hazırlanmış ətlərdən istifadə edilməlidir. Burada da  emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçdiyi nəzərə alınmalıdır. Agentlik əməkdaşları mütəmadi olaraq bu cür dönərxanalarda monitorinqlər  aparır və nəzarət tədbirləri həyata keçirir.
 

- Amma bir çox ekspertlər bəzi dönərxanalarda istifadə edilən ətlərin Hindistandan gələn 1-2 manatlıq keyfiyyətsiz ətlər olduğunu iddia edirlər. AQTA tam olaraq zəmanət verirmi ki, bu dönərxanlardakı ətlər qida üçün təhlükəsizdir?
 

- Fərqi yoxdur, ət dünyanın harasından gətirilməsindən asılı olmayaraq, yoxlanılır. Siz Hindistanı qeyd edirsiniz, amma ən etibar etdiyimiz ölkədən belə, təhlükəli ət gətirilə bilər. İstər dondurulmuş, istər soyudulmuş ət olsun və s. onlara risq əsaslı  nəzarət tətbiq olunur. Ümumiyyətlə, dönər Türkiyənin brendidir. Türklər dönəri dondurulmuş ətdən hazırlamırlar. 
 

- Siz əminliklə deyirsiniz ki, dönərxanlara nəzarət altındadır. Bu gün 1 manata yanında ayranıyla birgə dönər satılır. Ətin qiymətinin ən yaxşı halda 10 manat 50 qəpikdən ucuz olmadığını nəzərə alsaq, o dönərin keyfiyyətini necə şübhə altına almaya bilərik?
 

- Necə ki, vətəndaşda şübhə yaranır ki, niyə 1 manatlıq dönər satılır, axı bu qiymətə ola bilməz, yaxud kolbasa-sosiska niyə ucuzdur? Təbii olaraq, bu şübhələr bizdə də var. Ona görə vətəndaşımızın hər bir dönərxanadan ətin keyfiyyəti barədə sənəd tələb etmək hüququ var. Vətəndaşlara dönər olaraq qida təklif edən hər bir sahibkar istehlakçının suallarına cavab verməyə borcludur. Bu bizim nəzarət obyektlərimizdən biridir. Siz dediyiniz neqativ hallara rast gəlinir. Bu kimi neqativ hallarla bağlı istehlakçılardan Agentliyin 1003 qaynar xəttinə şikayətlər də daxil olur. Hər bir şikayət  aidiyyəti üzrə araşdırılır və qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir.


- Yekun olaraq, AQTA-nın fəaliyyət planları barədə nə deyərdiniz?
 

- Qarşımıza qoyulan əsas hədəf  əhalinin sağlam qidalanmasını təmin etmək üçün respublikada tarladan süfrəyə qədər  qida məhsullarının tam izlənmə sistemini  tətbiq etməkdır. Həm əhalinin hüquqları və təhlükəsizliyi müdafiə olunsun, həm də bu sahədə işləyən sahibakarların mənafeyi təmin olunsun. Mən ümid edirəm ki, addım-addım bütün çətinliklərə həm istehlakçının, həm də sahibkarın yanında olmaq şərtilə nail olacağıq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)