BİZNES

SOCAR “LUKoil”un Avropa ölkəsindəki biznesini almaqda maraqlıdır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Lukoil” şirkətinin Bolqarıstandakı aktivlərinin alınmasında maraqlıdır.

Bu barədə “Euractiv” xəbər verir.

“Euractiv”in əldə etdiyi qeyri-rəsmi məlumata görə, bir neçə qurum "Lukoil"n Bolqarıstandakı biznesini almaqda maraqlıdır.

Qeyd olunur ki, maraq ABŞ-ın iki investisiya fondu və iki kiçik neft şirkətindən gəlsə də, ən çox təşəbbüs göstərən tərəf SOCAR şirkətidir.

Məlumata görə, “Lukoil” Bolqarıstan biznesinin gələcəyinin bütün mümkün variantlarını, o cümlədən Balkanlardan ən böyük neft emalı zavodu olan “Lukoil Neftochim Burgas”ın və şirkətin ölkədəki geniş yanacaqdoldurma məntəqələri və neft anbarları şəbəkəsinin satışını nəzərdən keçirir.

Bildirilir ki, Bolqarıstanda 220 yanacaqdoldurma məntəqəsi və doqquz neft bazası ilə “Lukoil” hazırda regionun əsas təyyarə yanacağı tədarükçüsü kimi neft yanacağının istehsalı və saxlanmasında dominant mövqeyə malikdir.

Ötən gün yayılan məlumata görə, “Lukoil” şirkəti Bolqarıstandakı aktivləri ilə bağlı strategiyasını nəzərdən keçirəcək, ölkədəki biznesini satmaq imkanlarını təhlil edəcək.

"Bolqarıstanda "Lukoil" qrupuna daxil olan müəssisələrin iş şəraitindəki əhəmiyyətli dəyişikliklə əlaqədar olaraq, bu aktivin strategiyasının nəzərdən keçirilməsinə başlanılıb. Biznesin satışı da daxil olmaqla, beynəlxalq məsləhətçilərin cəlb olunması ilə müxtəlif variantlar təhlil ediləcək", - şirkətin yaydığı məlumatında qeyd olunur.

Bundan əvvəl, Bolqarıstanın Burqas şəhərindəki “Lukoil Neftohim Burqas” neft emalı zavodu 2024-cü ilin əvvəlindən neft məhsullarının ixracına kvotaların ləğvi ilə əlaqədar istehsalını dayandırmaq təhlükəsi barədə xəbərdarlıq etmişdi. “Lukoil” Bolqarıstan hakimiyyətini “istehsalı dayandırmadan riskləri azaltmaq üçün əlverişli həll yolu” tapmaq üçün dialoqa çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)