Bakıda qızılcaya görə bir məktəbin ibtidai sinifləri distant tədrisə keçib
Qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.
"Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - İdarənin məlumatında bildirilib.
Xatırladaq ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.