Hesablardan oğurlanan vəsaitlərə görə bankların məsuliyyəti artırılır – MƏBLƏĞ ENDİRİLDİ
Bu günlərdə Daxili İşlər Nazirliyi vətəndaşlara kreditlərin verilməsi ilə bağlı dələduzluq reklamları barədə xəbərdarlıq edib. Belə ki, maliyyə fırıldaqçıları elektron poçt və messencerlər vasitəsilə fişinq göndərişləri yayır, bununla guya vətəndaşlara “sürətli və sərfəli kredit” imkanı təklif edirlər. Digər bir qrup isə işə düzəltmək və ya hər hansı sosial problemin həll olunması adı ilə insanların inamını qazanaraq kart hesablarından vəsaitlərin mənimsənilməsinə nail olurlar.
ENA.az xəbər verir ki, “Kaspersky”-ın əhali arasında apardığı sorğuya əsasən, onlayn fırıldaqçılıqla qarşılaşan respondentlərin 38%-i qeyd edib ki, təcavüzkarlar özlərini bank və ya hansısa maliyyə təşkilatının işçiləri kimi təqdim ediblər. Respondentlərin 44%-i isə sorğu zamanı onlayn fırıldaqçıların onlara və ya yaxınlarına ötən illə müqayisədə bu il daha tez-tez hücum etdiklərini qeyd ediblər. Artıq bank və maliyyə təşkilatları, məhşur brendlər fırıldaqçılar üçün "sevimli" maskalanma vasitəsidir. Təcavüzkarın tələsinə düşən sorğu iştirakçılarının yarıdan çoxunun (57%) bu barədə öz banklarına şikayət etməməsi də maraq doğurur. Ən pisi də odur ki, bir çox hallarda fırıldaqçıların qurbanı olan vətəndaşlar öz kart və hesab məlumatlarını könüllü şəkildə qarşı tərəfə verirlər. Belə olan halda bankların onların vəsaitlərini qoruması, hər hansı təhlükəsizlik tədbirləri görməsi mümkün olmur.
Vətəndaşları narahat edən məsələyə rəsmi mövqeni öyrənməyə çalışdıq. Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı və nəzarət şöbəsinin rəisi Ramil Mahmudov “vergiler.az”a açıqlamasında bildirib ki, banklar bu sahədə kifayət qədər müasir texniki vasitələrlə sosial şəbəkə hesablarından və digər texniki vasitələrdən gələn fırıldaqçılıq hallarının qarşısını almağa çalışırlar:
“Buna baxmayaraq, bəzi insanların bilərəkdən öz şəxsi məlumatlarını üçüncü tərəfə açıqlanması nəticəsində fırıldaqlar baş verir. Belə olduğu təqdirdə həmin vəsaitin geri qaytarılması bank tərəfindən də böyük çətinliklə nəticələnir. Bir çox hallarda vətəndaşlar vəsaiti itirmiş olur. Çünki həmin vəsaitin geri qaytarılması üçün beynəlxalq tələblər mövcuddur. Bu tələblər yerinə yetirilmədikdə bank həmin vəsaiti qarşı tərəfdən tələb edə bilmir”.
Bütün bunların qarşısının alınması məqsədilə Mərkəzi Bank qanunvericiliyin dəyişdirilməsi və əhali arasında maliyyə savadlılığının artırılması istiqamətində fəaliyyətini davam etdirir. R.Mahmudovun sözlərinə görə, artıq maliyyə savadlılığının artırılmasında əsas amillərdən biri də əhalinin ödəniş kartları sahəsində fırıldaqçılıq hallarına qarşı daha dayanıqlı olması və baş verə biləcək potensial fırıldaqçılıq hallarına özünü hazırlamasından ibarətdir: “Artıq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası və banklarla bir illik birgə işbirliyi nəticəsində böyük maarifləndirmə kampaniyasına start verib. Tanınmış aktyorların iştirakı ilə videoçarxlar hazırlanıb. Onların TV kanallarda və radiolarda, eləcə də sosial şəbəkələrdə yayılması nəzərdə tutulub. Ümidvaram ki, bu kampaniya davamlı olacaq və gələcəkdə onun faydasını biz öz cəmiyyətimizdə görəcəyik”.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, polis orqanları 500 manatdan aşağı olan məbləğlərin fırıldaqçılıqda əldə olunması ilə bağlı hallara müdaxilə edə bilmirlər. Bu da vətəndaşları həmin məbləğə qədər olan vəsaitlərini itirməsi ilə nəticələnir. Bu məsələyə münasibət bildiriən R.Mahmudov bildirib ki, yeni qüvvəyə minən “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında”qanunla bu hallar tənzimlənəcək və bankların məsuliyyəti artırılacaq:
“Artıq yeni qanun noyabrdan qüvvəyə minir. Onun əsas məqsədlərindən biri məhz ödənişlər sahəsində istehlakçıların hüquqlarının qorunmasıdır. Həmin qanunda eyni zamanda banklara da öhdəliklər qoyulur. Bildiyiniz kimi, indiki şəraitdə hər hansı bir fırıldaqçılıq halı baş verəndə müştəri burada onun təqsirinin olmamasını və ya az olmasını banka isbat etməlidir. Belə halların banka sübut olunması kifayət qədər vaxt taparır. Ancaq yeni qəbul olunmuş qanunda artıq bankların üzərinə konkret öhdəliklər qoyulub. Bank hesabları açan müştərlərin orada məsuliyyəti minimallaşdırılır. Təxminən 250 manata qədər məbləğlərin hesabdan çıxarılmasına görə müştəri öhdəlik daşıyır. Ancaq bundan daha artıq məbləğlərin qorunması, daha böyük itkilərin qarşısının alınması üçün vaxtında frond menecmentin qurulması birbaşa bankın öhdəliyində olan bir məsələdir”.
R.Mahmudov nağdsız əməliyyatların həcminin artırılması üçün vətəndaşların banklara etibar etməsinin vacib olduğunu vurğulayıb. Buna görə də bank hesablarındakı vəsaitlərin təhlükəsizliyinin təmin olunmasına və əhalinin maariflənməsinə üstünlük verdiklərini bildirib.