Bank

Azərbaycan banklarında yoxlamalar aparılıb: nəticə nədir? Yeni bağlanmalar ola bilərmi?

Azərbaycan Mərkəzi Bankı bütün banklarda yoxlamalar aparıb və artıq yekunlaşdırıb. ENA.az xəbər verir ki, nəticələr əsasında Azərbaycan Mərkəzi Bankı bəzi addımlar atıb və ən pis ssenari kimi 2 bankın lisenziyası ləğv edilib. Bəs sonra, bağlanmaların ardı gələcəkmi?

Sistem əhəmiyyətli banklardan başladıq

Mərkəzi Bankın sədri Taleh Kazımovun bununla bağlı açıqlaması əsasında mövcud vəziyyəti oxucularımıza təqdim edirik. Ondan başlayaq ki, baş bankir vəzifəsinə təyinatdan sonra Mərkəzi Bankın kadr heyətində yeni nəfəslər var. Baş direktorlar qalsa da, mütəxəssis heyətində kadr təyinatları aparılıb.

İndiyədək yığılıb qalan məsələlərin həlli üçün istiqamətlər müəyyən edilib. İlk növbədə sistemin dayanıqlığı nöqteyi nəzərdən sistem əhəmiyyətli banklarda yoxlamalar başlayıb. Sonra digər banklara keçid olub və komanda ilin əvvəlindən sistem əhəmiyyəti olmasa da, işəgötürən kimi sosial əhəmiyyəti olan digər bankların vəziyyətini  təhlil edib. Məlum oldu ki, həm Günay Bank, həm də Muğanbank açıqladığı göstəricilərlə xalqı aldadır. “Bu da həmin bankların bağlanmasının səbəblərindən biri idi”,- deyə T.Kazımov vurğulayıb.

Səbəblərdən biri

Bu hissədə qeyd edək ki, Taleh Kazımovun “səbəblərdən biri idi” cümləsinə xüsusi diqqət yetirmək istərdik. Ötən yazıda da qeydetdiyimiz kimi, Muğanbankın Mingəçevir filialının menecmentinə qarşı cinayət işi açılmışdı. Bundan başqa, həmin dövrə təsadüf edən bəzi hadisələr də vardı. Düzdür, bunu konkret olaraq bağlanan bu iki banka aid edə bilmərik, çünki istintaq gedir, amma bəzi qanunsuz əməllərdə bankların iştirakı halları da var.   

Məsələn, ölkədə rəsmi dövriyyədən kənarda pul alış-verişi vardı, xüsusən də ticarət sektorunda. Bir qədər də konkret desək, Binə, Sədərəkdə müəyyən şəxslər manatı götürür, naməlum mənbədən böyük məbləğlərdə xarici valyuta alır və onu xaricə, məsələn Çinə göndərirdilər. Məhz bu faktla əlaqədar saxlanılan şəxs və ya şəxslər də var.

Beynəlxalq reytinq agentliyinə səhv məlumatlar verilib

Qayıdaq düzgün olmayan məlumatlara. Uzun müddətdir ki, bankların hesabatları ilə Mərkəzi Bankın yoxlamadan sonrakı rəqəmləri üst-üstə düşmür. Bəs, bunun qarşısını almaq üçün qanuni əsaslar yoxdurmu?

“Maliyyə hesabatının doğru tərtib olunmasını tələb edən Qanunvericilikdə hansısa tələblər yoxdur. Kiçik banklarda yerində yoxlamalar nəticəsində müəyyən etdik ki, boşluqlar, problemlər var. SP reytinq agentliyi kimi agentliklərə də məlumatlar səhv verilib. Onun əsasında da belə reytinqlər üzə çıxır. Ammahesabata diqqətlə baxsanız müəyyən rəqəmləri görə bilərsiniz”.

Qeyd edək ki, SP beynəlxalq agentliyi bağlanmamışdan 3 ay əvvəl Muğanbanka “Stabil” reytinqi vermişdi.

"Bir bankı işlədik"

Bəs bağlanmaların davamı varmı? Tənzimləyici qurumun rəhbəri yenə bu məsələyə ağıllı və siyasi cəhətdən korrektə olunmuş həmişəki cavabını təkrarladı: “Bank sektoru həssasdır. May ayında demişdim ki, bəzi banklarla bağlı çağırışlar var və biz onlarla işləyirik. Çətinliyi olan bankların səhmdarları, menecmenti ilə işləyirik. Öhdəliklərini yerinə yetirənlər qalır, yetirməyənləri bağlayırıq”.

Baş bankirin dediyindən belə məlum olur ki, bir bankı “işləyiblər”. ENA.az olaraq bu bankın BTB bank olduğunu düşünürük. Çünki onun artıq satıldığı və yeni səhmdar tərəfindən sağlamlaşdırıldığı barədə də məlumatlar var.  

Beləliklə, Taleh Kazımov qeyd edir ki, hazırda ölkədə maliyyə sabitliyinə mənfi təsir edəcək problemli bankımız yoxdur. Bəzilərini həll etdik, həll olunmayanlar isə bağlandı. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)