Azərbaycan banklarının mənfəəti 22% artıb - 9 AY RƏQƏMLƏRDƏ
30 sentyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 45 milyard 530,5 milyon manat qiymətləndirilir. Nəzərə alsaq ki, 31 dekabr 2022-ci il tarixinə Azərbaycanda bankların aktivləri 47 milyard 54,9 milyon manat təşkil edib, bu halda demək olar ki, yanvar-sentyabr aylarında bank aktivləri 3,2% azalıb.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin üçüncü rübündə bankların cəmi aktivləri 312,2 milyon manat artıb.
Bankların Mərkəzi Bankdakı müxbir hesablarındakı vəsaitlərinin həcmi 9 ayda 2 dəfə azalaraq 3 milyard 182,1 milyon manat olub.
Sentyabrın sonuna bankların kredit portfeli 13,7% artaraq 22 milyard 281,9 milyon manat təşkil edib.
Azərbaycanda bankların ümumi kapitallaşması isə 6,6% yüksələrək 5 milyard 991,4 milyon manatdır.
Bankların öhdəlikləri 39 milyard 539,1 milyon manata (azalma 4,6%) bərabərdir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 107,7 milyon manat (2,1 dəfə azalma) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 32 milyard 174,2 milyon manat (azalma 4,7%), o cümlədən əhalinin əmanətləri 12 milyard 418,4 milyon manat (artım 8,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında bankların cəmi xalis mənfəəti 832,9 milyon manat (2022-ci ilin 9 ayı ilə müqayisədə 21,9% artım var) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 582,4 milyon manat (artım 32 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 903,1 milyon manat (artım 19,1 faiz) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 988,5 milyon manat (artım 13,6%) olub.
Bankların faiz xərcləri 628,7 milyon manat (artım 34,5%), o cümlədən depozitlər üzrə 449,9 milyon manat (artım 38,7%) təşkil edib.
Bankların qeyri-faiz xərcləri 1 milyard 675 milyon manata (artım 24,5%) bərabərdir.
Yanvar-sentyabr aylarında Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 1 milyard 227,3 milyon manat (artım 25,6%) təşkil edib.
Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 47,6 milyon manat (artım 24,7 faiz), mənfəət vergisi ödənişləri 214,7 milyon manat (artım 36,7 faiz) səviyyəsində qiymətləndirilir.
30 sentyabr 2023-cü il tarixinə Azərbaycanda 24 bank, o cümlədən 9 xarici kapitallı bank (2022-ci ilin sonuna - 10 bank) fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
Ümumilikdə bankların 491 filial şəbəkəsi (2022-ci ilin sonu ilə müqayisədə 0,8% artım) və 88 filialı (2022-ci ilin sonuna 91) təşkil edir.
Azərbaycanın bank sektorunda işçilərin sayı 3,3% artaraq 23,53 min nəfərə yüksəlib.