"Hyundai Motor" Səudiyyə Ərəbistanında zavod tikəcək
Avtomobil nəhəngi "Hyundai Motor" və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF,The Public Investment Fund) Krallıqda avtomobil istehsalı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
Məlumata görə, bu barədə Cənubi Koreya şirkəti öz saytında məlumat yayıb.
Cəmi sərmayənin 500 milyon dollardan çox olacağı təxmin edilir. Birgə müəssisənin səhmlərinin 30%-i Cənubi Koreya tərəfinə, 70%-i isə fonda məxsus olacaq. Qeyd edilir ki, zavodda avtomatlaşdırma yüksək səviyyədə olacaq. Zavodun tikintisi zamanı “Hyundai” də texnoloji yardım göstərəcək.
"Yonhap" agentliyinin məlumatına görə, bu, Hyundai-ın Yaxın Şərqdəki ilk zavodu olacaq. Zavod Kral Abdullah şəhərində tikiləcək.
Koreya Respublikasının Prezidenti Yun Seok Yeol oktyabrın 21-də dördgünlük dövlət səfəri üçün Səudiyyə Ərəbistanına gəlib. Bir gün əvvəl o, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla Ər-Riyadda danışıqlar aparıb.