AFB Bankın mənfəəti 1,8 dəfə azalıb- HESABAT
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın AFB Bankı aktivlərini 7,9% artıraraq - 304 milyon 624,11 min manata yüksəldib. ENA.az xəbər verir ki, artım əsasən ticarət edilən qiymətli kağızlara əlavə yatırım ilə bağlıdır.
Pulunu qiymətli kağızlara yerləşdirib
Aktivlərin 55,6%-i kredit portfelinin payına düşür. Bu ilin 9 ayında kredit portfelinin həcmi 0,7% azalaraq 169 milyon 619,88 min manata düşüb. İstehlak kreditləri - 22 milyon 55,48 min manat (artım 15,6%), biznes kreditləri- 90 milyon 341,23 min manat (azalma 11,1%), daşınmaz əmlaka verilən kreditlər - 57 milyon 223,17 min manat (artım 14,2%) təşkil edir.
Ticarət və investisiya qiymətli kağızları 42 mln. 593 min manat-dır və ötən 9 ayda 24 mln. 130 min manat artıb. Bu isə 57% böyümə deməkdir. Aktivlərin 40 mln. manatı nağd pul vəsaitləridir.
Əmanət kampaniyalarının nəticəsi: 1,5 dəfəlik artım
Bankın öhdəlikləri 13,6% yüksəlib və 225 milyon 906,19 min manat təşkil edir. Bankdakı əmanətlər 25,8% artım ilə 146 milyon 169,26 min manata çatıb. Fiziki şəxslərin əmanətlərində 1,8 dəfə artım baş verib və 53 milyon 632,21 min manata bərabərdir. Bu, AFB-nin əmanətlər daha yaxşı faizlər təklif edərək, xüsusi əmanət kampaniyaları keçirməsi ilə bağlıdır. Bankın digər kredit təşkilatları və maliyyə institutlarına 71 mln. manata yaxın borcu var.
Bankın kapitalı 5,7% azalıb...
Bankın kapitalı 5,7% azalaraq 78 milyon 717,92 min manata düşüb. Bankın 6 mln. 567 min manat bölüşdürülməmiş mənfəəti var.
Məcmu kapitalı 76 mln. 921 min manat, məcmu kapitalının adekvatlıq əmsalı 39.90%-dir. Nizamnamə kapitalı 70 milyon 393,455 min manatdır (dəyişiklik yoxdur).
Xalis mənfəəti 1,8 dəfə azalıb
AFB Bank-ın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə əməliyyat nəticələrinə görə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azalaraq 6 milyon 292,98 min manat təşkil edib. Onu da nəzərə alaq ki, bank ehtiyatlardan 2 milyon manata yaxın vəsaiti çıxarıb və beləliklə 6 milyonluq mənfəət açıqlayıb. Faiz gəlirləri 14 mln. 925 min manat, faiz xərcləri 3 mln. 521 min manat olub. Qeyri-faiz gəlirləri 6 mln. 356 min manat, qeyri-faiz xərci 13 mln. 412 min manatdır. Ümumiləşdirsək deyə bilərik ki, bankın gəlirləri azalmış, xərcləri isə artmışdır. Xərclərin artmasına səbəb ilk növbədə depozitlər üzrə faiz ödənişlərinə yönəldilən vəsaitin həcminin yüksəlməsidir. Əmək haqqı və inzibati xərclərin artması da mənfəətin həcminə mənfi təsir göstərib.
Bankın 1-3 aylıq likvidlik qəpi mənfi 2 mln. 746 min manatdır.
Qeyd edək ki, AFB Bank 28 noyabr 2008-ci ildə bank lisenziyası alıb. Bankın səhmdarları üç fiziki şəxsdir.