JPMorgan gələn ildən Hindistanın dövlət qiymətli kağızlarını indekslərinə daxil edir
Hindistan dövlət qiymətli kağızları inkişaf etməkdə olan bazarların əsas dövlət istiqraz indekslərinə daxil edəcək. Bu da Hindistanın dövlət borc bazarına milyardlarla dollar axını təmin edə bilər.
ENA.az xəbər verir ki, JPMorgan Chase & Co. bu barədə məlumat yayıb. Hindistan istiqrazları 28 İyun 2024-cü il tarixindən etibarən Hökumət İstiqrazları İndeksi-İnkişaf etməkdə olan Bazarlar (GBI-EM) indeksi ailəsinin bir hissəsi olacaq.
Ümumilikdə, indekslərə ümumi nominal dəyəri 330 milyard dollar olan Hindistan dövlət istiqrazlarının 23 emissiyası daxil edilməlidir.
Hindistan qiymətli kağızlarının indekslərdə çəkisi 10%-dən çox olmayacaq. Onların daxil edilməsi 10 ay ərzində baş verəcək.
"Hindistanın çəkisinin GBI-EM Qlobal Diversifikasiya İndeksində 10%-ə, GBI-EM Qlobal İndeksində isə təxminən 8,7%-ə çatacağı gözlənilir", - JPMorgan-ın açıqlamasında deyilir.
Hindistan istiqrazlarının JPMorgan indekslərinə daxil edilməsindən sonra Hindistan dövlət istiqrazları bazarına investor vəsaitlərinin axını 25-26 milyard dollara çata bilər, deyə Financial Times qəzeti yazıb.
2023-cü ilin əvvəlindən xarici investorlar tərəfindən Hindistanın dövlət qiymətli kağızlarının xalis alışı 3,4 milyard dollar təşkil edir. Xarici investorlar Hindistan dövlət istiqrazlarının 2%-dən azına sahibdirlər.
Digər indeks təminatçısı FTSE Russel də inkişaf etməkdə olan bazarların indekslərinin hesablanmasına Hindistanı da daxil etmək imkanını nəzərdən keçirir.