Bank

Biznes kreditlərini bahalaşdıran və ucuzlaşdıran - ƏSAS AMİLLƏR

Manatla verilən biznes kreditlərinin şərtlərində müəyyən yumşalma müşahidə olunub. Xarici valyutada verilən biznes kreditləri üzrə sərtləşmə davam edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların 2023-cü ilin III rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə yumşalmalar davam edə bilər,  xarici valyutada verilən kreditlərdə isə sərtləşmənin gedəcəyini gözləmək mümkündür.

Şərtləri sərtləşdirən faktorlar var

Belə ki, 2023-cü ilin II rübündə bankların likvidliyi, portfelin keyfiyyəti, kreditlərə tələbin artması, ümumi iqtisadi faktorlar, habelə, iqtisadiyyatın sahələri üzrə artım tempi biznes kreditlərinə yumşaldıcı təsir göstərib. Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar maliyyələşmə dəyəri, iri borcalanların maliyyə vəziyyətinə dair risklər və uçot faiz dərəcəsi olub. Yerigəlmişkən, bu risklər ölkəmizdə uzunmüddətdir var və maliyyə sənədlərinin ağardılması prosesi zəif getdiyindən ümumi iqtisadiyyatın proqnozlaşdırılmasına mənfi təsir edir. Azərbaycanda hələki işləməyən alət olsa da, uçot dərəcəsi əmanətlər üzrə faizlərə müəyyən dərəcədə təsir göstərir. Xüsusən də ehtiyat normalarının artırılması kimi sərtləşdirici amillər kreditlərin üzrə faizlərin bahalaşmasında pay sahibidir.

Azərbaycan Mərkəzi Bankının sorğusuna əsasən, biznes kreditlərinin verilmə şərtlərində əsas faktor risklərdir. Aşağı riskli kreditlərə tətbiq olunan marja və maksimal məbləğ üzrə yumşalma tendensiyası var. Yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə isə sərtləşmə baş verib.

 

Biznes subyektlərinin borclanma səviyyəsində artım tendensiyası

2023-cü ilin II rübündə KOS subyektləri üzrə kreditlərin verilmə standartlarında dəyişiklik müşahidə edilməyib. Cari ilin ikinci rübündə ümumi iqtisadi gözləntilər, banklarla rəqabət, iqtisadiyyatın sahələri üzrə artım və kreditlərə tələbin artması KOS-lara kreditlərin verilmə standartlarına yumşaldıcı təsir edib. Təminatın keyfiyyəti, iri kreditorların maliyyə vəziyyətinə dair risklər, həmçinin uçot dərəcəsi sərtləşdirici təsir göstərib. Biznes, o cümlədən, KOS subyektləri kreditləri üzrə tələb artımını formalaşdıran əsas faktorlar dövriyyə və investisiya kapitalı ehtiyacları, bankların kredit şərtlərində dəyişikliklər və rəqəmsallaşdırma olub. Biznes subyektlərinin borclanma səviyyəsində artım tendensiyası davam etmişdir. Artım əsasən mikro və KOS subyektləri üzrə müşahidə edilib.

Sorğuya əsasən, 2023-cü ilin II rübündə biznes kreditlərinə tələbdə artım qeydə alınmışdır. Banklar 2023-cü ilin III rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)