Azərbaycanda yeni milli park yaradılacaq
2023-cü ilin altı ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülüb.
Bu və digər məsələlərlə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Kaspi” qəzetinə müsahibəsində açıqlamalar verib.
– Bir müddət əvvəl “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib. Bununla bağlı proses hansı mərhələdədir?
– Hirkan Milli Parkının yerləşdiyi ərazi təbii iqliminə görə rütubətli subtropik xüsusiyyətə malikdir. Füsunkar təbiəti olan Hirkanla bağlı sənəd işləri artıq yekunlaşdırılıb və sənədlər komitəyə təqdim edilib. Bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək komitənin iclasında yekun qərar veriləcək.
– Azərbaycan ərazisində yeni Milli parkın yaradılması, bəzilərində ərazilərin genişləndirilməsi, turizm potensialının yüksəldilməsi istiqamətində işlər görülürdü. Hansı addımlar atılır?
– Hazırda İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yaradılması üçün 2022-ci ildən başlanılmış müvafiq işlər davam etdirilir. Artıq onlara aid ediləcək ərazilərin ilkin xəritələri hazırlanıb.
Milli parklarda turistlərin cəlb edilməsi və mühafizənin gücləndirilməsi üçün infrastruktura dair bir sıra işlər görülüb. Belə ki, Şirvan Milli Parkının giriş qapısının yeni dizayn konsepsiya sənədi hazırlanıb və aidiyyəti qurumlardan rəy alınıb.
Qızılağac Milli Parkının ərazisində brakonyerliyə qarşı mübarizə aparılması məqsədilə yeni mühafizə postu quraşdırılıb. Turizm potensialının yüksəldilməsi və mühafizənin yaxşı təşkil edilməsi məqsədilə motosikletlər, kvadrosikllar alınıb, ekoturizm marşrutlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, turistlərin məlumatlandırılması üçün giriş, məlumatverici, məntəqə və istiqamətləri əks etdirən yeni lövhələr hazırlanaraq, milli parkların ərazilərində yerləşdirilib. Hazırda ümumi belə lövhələrin sayı 860, giriş qapılarının sayı 21 ədəddir.
Abşeron Milli Parkının sanitariya-mühafizə zonasının hesabına ərazisinin genişləndirilməsi ilə bağlı müvafiq işlər aparılır. Hazırkı mərhələdə milli parkın genişləndirilmiş yeni ərazisinin xəritəsi hazırlanıb və müvafiq qurumların müsbət rəyləri alınıb.
– Yay fəslində insanlar dincəlmək üçün milli parklara, istirahət yerlərinə üz tuturlar. Bəzən onların parkların, meşələrin ərazisində yandırdıqları ocaqlar böyük faciələrə səbəb olur.
– Yanğın təhlükəsizliyi qaydalarına və müəyyən olunmuş tələblərə riayət edilməsi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəs üçün məcburidir. Lakin bu cür tələblərə layiqincə əməl olunmaması səbəbindən təəssüf ki, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında və ovçuluq təsərrüfatlarında yanğın hadisələri baş verir. Belə yanğınlar aidiyyəti qurumların və əməkdaşlarımızın səyi sayəsində söndürülsə də, təbiətə dəyən ziyanın aradan qaldırılması uzun müddət çəkir və bəzi hallarda ümumiyyətlə mümkün olmur.