Xaricə gedənlərin nəzərinə! - Ay ərzində 10 min dollar..
“Plastik kartlar ilə xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır”.
ENA.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, buna səbəb Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik etməsidir: “Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq”.
V.Bayramov vurğulayıb ki, yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdırdıra bilməz: “Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir”.
“Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub”, - deyə iqtisadçı-ekspert əlavə edib.