Birjada əqdlər üzrə dövriyyədə artım davam edir
2023-cü ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 9 milyard 777 milyon 82,198 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 18,8% çoxdur.
BFB-nin məlumatına görə, 4 milyard 26 milyon 660,107 min manat (azalma 11,5%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 615 milyon 284,259 min manat (artım 55,3%) olub. İlkin bazarda 1 milyard 265 milyon 90,972 min manatlıq, təkrar bazarda 390 milyon 193,287 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 2 milyard 411 milyon 375,848 min manat (azalma 31,3%) təşkil edib. İlkin bazarda 2 milyard 23 milyon 769,748 min manatlıq, təkrar bazarda 387 milyon 606,1 min manatlıq not yerləşdirilib.
7 ay ərzində BFB-nin ümumi dövriyyəsində 761 milyon 581,456 min manat (artım 32,1%) korporativ bazarın, o cümlədən 433 milyon 665,816 min manat ilkin bazarın, 327 milyon 915,639 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 415 milyon 756,864 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 284 milyon 150,836 min manat, səhmlərin yerləşdirilmə həcmi 61 milyon 673,756 min manat təşkil edib.
Yanvar-iyul aylarında BFB-nin ümumi dövriyyəsində 4 milyard 988 milyon 840,635 min manat (artım 60,7%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, iyulun sonuna birjanın kapitallaşması 4 milyard 900 milyon 144,49 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 16,9% çoxdur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 14 milyard 947 milyon 984,521 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% artaraq rekord 15,3 milyard manata çatıb