Bank

“Tinkoff” da sanksiyaya düşdü. Bu, Azərbaycan banklarının köçürmələrinə təsir edibmi?

Azərbaycan banklarının xaricə pul köçürmələrində “SWIFT” problemi çıxanda Rusiyanın sanksiyaya düşməyən və daha çox mobil bank kimi tanınan “Tinkoff” bankı ilə əməkdaşlıqlar artdı. Qurucusu rus olsa belə daha çox Avropa bankı imici yaratmış "Tinkoff" böyük müştəri bazasına malik idi, xüsusən də MDB dövlətlərində. 

Sanksiyaya düşən bankların siyasında kimlər var?

Bir neçə gün əvvəl isə sanksiya altına düşən bankların sırasına  (SDN-siyahı) Unistream ödəniş sisteminin bankı və operatoru olan Tinkoff Bank, həmçinin Loko-Bank, Solidarity Bank və Sankt-Peterburq Sosial Kommersiya Bankı da daxil oldu.

Yeni siyahıdakı ən populyar bank olan "Tinkoff" artıq Avropa İttifaqı və Böyük Britaniyada məhdudiyyətlər altındadır.

ENA.az xəbər verir ki, bu banklarda müxbir hesabı açaraq xaricə dollarla və avro ilə ödəniş edən Azərbaycan banklarının sayı azdır və onlara müəyyən çətinliklər yaradıb. Lakin bu ciddi təsirlər deyil, çünki bankların alternativ hesabları vəziyyəti idarə etməyə imkan verir. Ümumiyyətlə, tənzimləyici olan Azərbaycan Mərkəzi Bankının tövsiyyələri ilə Azərbaycan bankları bu məsələ ilə bağlı daha ehtiyatlı davranmağa başlayıblar. Təbii ki, bu tövsiyyələr də ölkənin maliyyə sisteminin sabitliyini qorumağa hədəflənib.  

Bəs, sanksiyaya məruz qalan banklar tərəfindən buraxılan UnionPay kartları fəaliyyətini davam etdirəcəkmi?

SDN siyahısına düşmək sub-sanksiyaya malik banklar tərəfindən buraxılan Çin ödəniş sistemi kartları ilə xaricdə işləməyin mümkünsüzlüyü deməkdir. Yəni, Tinkoff və Solidarity banklara məxsus UnionPay kartları da xaricdə işləmir. Sanksiyalarla bağlı xəbərlərdən sonra onlar müştərilərə təcili nağd pul çıxarmaq üçün tövsiyələr göndəriblər. İyulun 21-dən xaricdə kartların fəaliyyəti dayandırılıb.

UnionPay yuxarıda dediyimiz kimi, Çinin ödəniş sisteminə daxil olan bank olduğundan Azərbaycan bankları bu platformada fəaliyyətini normal şəkildə davam etdirir.  

 

4,2 milyondan çox müştərinin dollarla aktivləri dondu

Qeyd edək ki, SDN bankları BƏƏ-yə dirhəmlə ödənişlər göndərə bilmir, onların avrodakı müxbir hesabları bağlanıb və Çin yuanı ilə ödənişlər çətinləşə bilər. Timçuk xəbərdarlıq edib ki, türk bankları da SDN siyahısında olanlarla "son dərəcə pis işləyir".

Solidarity Bank təsdiqləyib ki, bəzi tərəfdaş banklar xaricə köçürmələrin qəbulunu məhdudlaşdıra bilər. Loko-bank isə artıq 18 oktyabr 2023-cü il tarixinədək ABŞ dolları ilə bütün əməliyyatları başa çatdıracağını açıqlayıb.

“Tinkoff Investments” brokerinin 4,2 milyondan çox müştərisinə gəlincə, rəsmi olaraq ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsi onların ABŞ dolları ilə ifadə olunan bütün aktivlərə girişdən məhrum edilməsi deməkdir.

 

3 milyona yaxın azərbaycanlının yaşadığı Rusiyada xarici əməliyyatlar üçün başqa hansı variantlar qalıb?
Onların sayı hələ də kifayət qədərdir, baxmayaraq ki, hər dəfə yeni sanksiyalar bu siyahını daha da daraldır.

SWIFT köçürmələri. Məhdudiyyətlərə baxmayaraq, hələ də SWIFT köçürmələrini həyata keçirə bilən iri banklar arasında Raiffeisenbank, Expobank, OTP Bank və BCS Bank var. Bununla belə, yüksək komissiyalar və böyük məhdudiyyətlərlə. Məsələn, Raiffeisenbank SWIFT köçürməsi üçün komissiya 300 dollar olacaq. Minimum transfer məbləği 20.000 dollardır. Bundan əlavə, köçürmələr yalnız premium xidmət paketlərinin müştəriləri üçün mümkündür.
 

Mir kartı. Bir sıra bloklamalara baxmayaraq, Rusiya ödəniş sisteminin kartları hələ də Kuba, Ermənistan, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Vyetnamda, eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiya ərazisində işləyir. Eyni zamanda, “Mir”i ödəniş və nağd pul çıxarmaq üçün qəbul edən məntəqələrin və bankomatların sayı fərqli ola bilər: məsələn, Qazaxıstanda onlara yalnız VTB-nin yerli törəməsi tam xidmət göstərir.
 

UnionPay kartları. Formal olaraq geniş coğrafiyaya baxmayaraq, əslində UnionPay yalnız müəyyən mağazalarda qəbul edilir. Bundan əlavə, bəzi populyar xidmətlər (məsələn, Airbnb və Booking) UnionPay ilə qarşılıqlı əlaqədə deyil, onların qeydiyyatı və texniki xidməti digər sistemlərin kartlarından xeyli baha ola bilər və UnionPay ilə ödəniş edərkən bank ikiqat və ya üçqat valyuta konvertasiyası tətbiq edə bilər. 

Xarici bankların kartları. Xarici kartın verilməsi üçün demək olar ki, həmişə müştərinin şəxsi iştirakı tələb olunur. Rusiya vətəndaşları belə bir kartı Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan), Qafqaz (Gürcüstan, Ermənistan), Türkiyədə əldə etməyə çalışırlar. Eyni zamanda, əksər ölkələrdə banklar uzun müddət qalmaq üçün sənədlər tələb edirlər - məsələn, müvəqqəti yaşayış icazəsi, uzunmüddətli icarə müqaviləsi, fərdi sahibkarın qeydiyyatı haqqında şəhadətnamə və ya əmək müqaviləsi.
 

Kriptovalyuta. Rusiya vətəndaşlarının Binance birjasında P2P vasitəsilə dollar və avro istisna olmaqla fiat pul (Fiat pul - Mərkəzi Banklar tərəfindən çap olunan qanuni ödəmə vasitəsidir), həmçinin məşhur USDT də daxil olmaqla onlara bağlanmış stabilkoinlər alması hələ də mümkündür. Həmçinin Qərb ölkələrində qeydiyyatdan keçməmiş digər kriptovalyuta birjalarından, həmçinin dəyişdiricilərdən və kriptomatlardan istifadə etməyə çalışırlar.

Görünür, Rusiya prezidentinin rəqəmsal rubl ilə bağlı fərmanı da daralan çərçivədə hərəkət imkanlarını qorumaq məqsədi daşıyır.  
 

Nağd pul. Azərbaycan vətəndaşları kimi, Rusiya vətəndaşları da xaricə nağd pul götürə bilər - lakin bu məbləğ 10 min dollardan çox ola bilməz. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)