Düyünün qiyməti son üç ilin ən yüksək səviyyəsinə qalxdı
Hindistanın Basmati olmayan ağ düyü ixracını qadağan etməsindən sonra Asiyada düyü qiymətləri son üç ilin ən yüksək səviyyəsinə qalxıb. ENA.az xəbər verir ki, bu, bütün dünyada insanların əsas ərzaq təminatı ilə bağlı narahatlıqlarını artırıb.
Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, Asiya üçün etalon hesab edilən Tay ağ düyü 5 faiz artaraq bir ton üçün 572 dollara çatıb. Beləliklə, Tayland ağ düyüsü 2020-ci ilin aprelindən bəri ən yüksək qiymət səviyyəsinə çatdı.
İyulun 23-də Hindistan İstehlakçı Məsələləri və Qida Nazirliyi tərəfindən verilən açıqlamada, basmati olmayan ağ düyünün xaricə satışının dərhal dayandırılacağı bildirilib.
"Yerli düyü qiymətlərində artım tendensiyası müşahidə olunur. Son bir ildə pərakəndə satış qiymətləri 11,5 faiz artıb", -deyə verilən açıqlamada güclü yağışın ölkədə məhsula ziyan vurduğu vurğulanıb.
Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistanda basmati olmayan düyü ümumi düyü ixracının təxminən 25 faizini təşkil edir.
Basmati olmayan düyü adətən Asiya və Afrika ölkələrinə ixrac edilir.