Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi nə qədərdir? - 6 AYLIQ NƏTİCƏ
Bankların gecikmiş kreditlər üzrə ehtiyatlarını azaltması ilə bağlı göstəricilər sektorun keyfiyyətcə yaxşılaşdığını göstərir. ENA.az xəbər verir ki, 2023-cü ilin iyulun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi bütün kreditlərin 2,3%-ni təşkil edir. 2022-ci ilin sonuna isə bu, 2,9% idi.
Məbləğlə ifadə etsən, hazırda vaxtı keçmiş kreditlərin həcmi 502,27 milyon manatdır.
İyunun sonuna verilmiş kreditlərin ümumi həcmindən 17 milyard 657,8 milyon manat (artım 9%) milli valyuta, 4 milyard 308,3 milyon manat (artım 8%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,6% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 8,8% - 21 milyard 966,17 milyon manata qədər artıb. Təkcə iyunda bankların və BOKT-ların kredit portfeli 3,2% və ya 680,7 milyon manat böyüyüb.
2023-cü il iyunun 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 594,77 milyon manat (artım 19,3%) və ya bütün kreditlərin 20,9%-i, özəl banklar tərəfindən 16 milyard 701,46 milyon manat (artım 6,1%) və ya bütün kreditlərin 76%-i həcmində kredit verilib. Qalan 669,9 milyon manat (artım 13,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 446,78 milyon manat (bütün kreditlərin 15,7%-i) ticarət və xidmət sahələrinin, 711,09 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 538,6 milyon manat (2,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 155,77 milyon manat (5,3%) tikinti sektorunun, 1 milyard 83,27 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 95,27 milyon manat (5%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 573,29 milyon manat (57,2%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 11,5% artıb (2022-ci ildə artım 31% təşkil edib).