Bank

Azərbaycandakı Rusiya bankında "sanksiya izləri" - HESABAT

Sanksiyaya düşən Rusiya bankları arasında ilklərdən biri olan Bank VTB-nin ölkəmizdəki törəməsi necə işləyir? ENA.az bankın yanvar-iyun ayları üzrə hesabatına əsasən əsas göstəriciləri təqdim edir.  

Ehtiyatlardan çıxardıb mənfəətinə əlavə etdi

Bank VTB (Azərbaycan) ASC-nin 2023-cü ilin yanvar-iyun ayları üzrə əməliyyatlarının yekunlarına görə xalis mənfəəti 7,4% azalaraq 5 milyon 747 milyon manat təşkil edib. Bankın xalis faiz gəliri 9 milyon 462 min manat olub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb. Komissiya, xarici valyuta əməliyyatlarını əhatə edən qeyri-faiz gəlirləri isə 3 milyon manat təşkil edib, halbuki, ötən ilin eyni dövründə 8 milyon manat idi. Bankın qeyri-faiz xərcləri qismən azalıb və 12 milyon manat təşkil edib. Bank VTB Azərbaycan problemli kreditlər üzrə qayıtmalar baş verdiyindən ehtiyatlardan 5 milyon 269 min manatı çıxarıb və nəticədə yarım illiyin sonuna 5 milyon 747 milyon manat formalaşdırıb. 

Likvidlik riski yüksəkdir

Bank VTB (Azərbaycan) ASC-nin likvidlik riski hesabatına görə, 1 ay üzrə ödəniş müddətinə baxdıqda bankın ciddi likvidlik kəsiri var. Bir ay müddəti üçün bu kəsir təxminən 6 milyon 500 min manatdır. Bunun səbəbi kimi demək olar ki, bank qısamüddətli öhdəliklərini uzunmüddətli aktivlərdə yerləşdirib. Bankın sanksiyalar altında olduğunu nəzərə alaraq, depozitlərin “əriməsi” və tələbli depozitlərin daha yüksək olması da bu riski artırır.   

Aktivləri niyə azalıb? 

Bank VTB (Azərbaycan) ASC 2023-cü ilin yanvar-iyun aylarında aktivlərini 1,7% azaldaraq 234,34 milyon manata çatdırıb. Yanvar-iyun aylarında bankın kredit portfeli 9,7% artaraq 175,211 milyon manata çatıb. Bankın istehlak kreditləri portfeli 3,7% artımla 73,061 milyon manat biznes kreditləri 15,7% artımla 58,067 milyon manat, əmlak kreditləri 11% artımla 44,084 milyon manat təşkil edib. Bank ötən 6 ayda nağd vəsaitlərini 16 milyon, qiymətli kağızlarını 7 milyon manat azaldıb və aktivlərdəki azalma məhz bu iki kateqoriyaya düşür. 

Sanksiyanın izləri 

Sanksiyaya düşən Rusiyanın dövlət bankı VTB-nin Azərbaycandakı törəməsi də bu təsirlərdən yayına bilmir. Bu, özünü daha çox bankdakı depozitlərin həcmində göstərir. Beləki, depozitlərin də daxil olduğu öhdəlikləri həcmi 6,4% azalaraq 148,133 milyon manat təşkil edir. Depozit portfeli isə 10,8% kiçilərək 84,633 milyon manat olub. Ən böyük azalma - fiziki şəxslərin əmanətlərində baş verib. 12,9 faiz kiçilmə ilə 55,546 milyon manata düşüb. Bankdakı müddətli depozitlər cəmi 562 min manatdır. Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında borcu təxminən 5 milyon manat artıb. 

Kapitaldan gəlirliliyi yüksəkdir 

Bankın kapitalı 7,5% artaraq 86,208 milyon manat olub, nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməmiş) təşkil edib. Əldə etdiyi mənəət həcmində bölüşdürülməmiş zərəri azalaraq hazırda 231 milyon manat zərərlə fəaliyyətinə davam edir. Məcmu kapitalı 79 milyon 576 min manatdır və məcmu kapitalın adekvatlıq əmsalı minimum 10%-ə qarşı 36,69% təşkil edir. Bu isə kapitalın yüksək gəlirlilik gətirdiyini göstərir. Səhmdar kapitalının adekvatlıq əmsalı 33,36% təşkil edir.   

2008-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankı Rusiyanın Vneştorqbank (VTB) tərəfindən Azərbaycanın AF-Bank-ın 51%-lik payının alınmasına dair sövdələşməni təsdiqləyib. Bank VTB (Azərbaycan) səhmdarlarının strukturunda hazırda səhmlərin 99,99%-i PJSC VTB Bank-a, 0,01%-i isə fiziki şəxsə məxsusdur.

ENA.az Maliyyə Qrupu 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)