Quş əti və yumurta istehsalçıları hökumətə müraciət etdi: "Yerli bazarı qoruyun"
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (AQƏYİİA) ölkə rəhbırliyinə müraciət edərək daxili bazarın müdafiəsi üzrə tədbirlər görməyi xahiş edib.
ENA.az Assosiasiyaya istinadən məlumat verir ki, bu gün Azərbaycan quşçuluq təsərrüfatları süfrə yumurtası ilə ölkəni 130-140%, quş əti ilə 100%-ə yaxın, damazlıq yumurta ilə yüz faiz təmin etmək gücündədir.
Bəyan edilir ki, buna baxmayaraq, bir sıra ölkələrdəki istehsalçılar ikili sxemlə ölkəmizə damazlıq yumurta və kəsim məqsədli bir günlük cücə idxalına başlayıblar. Eyni zamanda, əksər xarici ölkələrdə yerli istehsalı qorumaq üçün süfrə yumurtası idxalına müxtəlif hüquqi baryerlər yaradıldığına görə bizim istehsalçıların xaricə yumurta ixracı çox çətinliklə başa gəlir.
Bütün bu qeyd olunanları Azərbaycan Respublikası baş nazirinin, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinin diqqətinə çatdıran Assosiasiya, yerli istehsalçıların qorunması istiqamətində addımlar atılmasını xahiş edib.
Xüsusilə, Assosiasiya kəsim məqsədli birgünlük cücə idxalına əlavə rüsum tətbiq edilməsi, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınması, həmçinin toyuq əti və süfrə yumurtası idxalı üçün tələb edilən sənədlərin sayının artırılmasını təklif edib.