Bu müəllimlərin əmək haqqı artımları ilə bağlı nazirə müraciət olundu
Sertifikasiya imtahanları ilə bağlı bizə ünvanlanan yüzlərlə müraciətlərin bir qismi 50 bal toplamış müəllimlərimizin əmək haqqı artımları ilə bağlıdır.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O, 50 bal toplamış müəllimlərin əmək haqlarının 35 faiz artmamasının səbəbini belə izah edib:
“Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqısı 35 faiz artmır?
Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil. Çünki, əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin”.
Deputatın sözlərinə görə, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlər üçün yeni differensial əmək haqqı artımları ilə bağlı təklif elm və təhsil nazirinə təqdim edilib.