MALİYYƏ

Azərbaycanın dövlət büdcəsi hələki profisitdədir

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 818,6 milyon manat təşkil edib. ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ÜDM-in 5,68 faizi deməkdir.

Maliyyə Nazirliyinin son məlumatına görə, dövlət büdcəsinin gəlirləri 13 milyard 961 milyon manat (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 12,2 faiz artım), xərcləri 11 milyard 142,4 milyon manat (artım 6,6 faiz) olub.

Yanvar-may aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 49 milyard 580,8 milyon manat təşkil edib.

2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773,978 milyon manat, xərcləri isə 33 milyard 353,278 milyon manat təşkil edir. 2023-cü il dövlət büdcəsinin kəsiri 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4 faizi səviyyəsində proqnozlaşdırılır. Bununla belə, hazırda parlamentdə “2023-cü ilin dövlət büdcəsi haqqında” qanuna gəlir və xərclərin artırılmasını nəzərdə tutan dəyişiklik layihəsinə baxılır.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)