Lizinq şirkəti BFB-də 500 min manatlıq istiqraz yerləşdirdi - ŞƏRTLƏR
Azərbaycanda maliyyə avtomobil lizinq bazarında fəaliyyət göstərən “Legion Financial” MMC bazar ertəsi 500 min manatlıq istiqraz yerləşdirib.
ENA.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, “Hərrac zamanı şirkətin istiqrazlarının alınması üçün 8 investor 8 sifariş təqdim edib".
BFB-dən bildiriblər ki, hərrac nəticəsində istiqrazların bütün həcmi - 500 000 manat yerləşdirilib.
Emissiya hər qiymətli kağızın nominal dəyəri 1000 manat olan 500 istiqrazlara bölünüb. Gəlirlilik illik 15%, kupon ödənişi hər 30 gündən bir, istiqrazların ödəmə müddəti 1800 gündür.
İstiqrazların ödəmə müddəti 30 may 2028-ci ildir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “AzFinance İnvestisiya Şirkəti” QSC çıxış edib.
“Legion Financial” MMC 2020-ci ilin iyun ayında Azərbaycanda dövlət qeydiyyatından keçib. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 601,1 min manat, təsisçiləri üç fiziki şəxsdir.
Şirkətin 2022-ci ilin sonuna aktivləri 2,13 milyon manat, lizinq portfeli isə 2,1 milyon manat həcmində qiymətləndirilir. Şirkətin 2022-ci ildə xalis mənfəəti 282,7 min manat təşkil edib.