İnşaat və əmlak

Daşınmaz əmlakın icbari sığortası: elektronlaşma, statistika, cərimə mexanizmi

Daşınmaz əmlakın icbari sığortası bir neçə ildən sonra yenidən aktullaşıb. Bununla bağlı elektron şəhadətnamələrin dövriyyəyə buraxılması mediada müxtəlif istiqamətlərdə şərhlərin ortaya çıxmasına səbəb olub. Vətəndaşları ən çox narahat edən məqam isə əmlakını sığortlamayan şəxslərin cərimələnəciyi ilə bağlı yayılan ajiotajdır. Bəs cəriməni kim həyata keçirəcək? Bunun mexanizmi qurulubmu? Daşınmaz əmlakın sığortalanmasına nəzarət edən qurumlarda bununla bağlı iş aparılırmı? Vətəndaşları narahat edən bu və digər suallara cavab almaq məqsədilə “Ena.az” bütün tərəflərin mövqeyini öyrənməyə çalışıb.

Əmlakların sığortalanmasında inqilab

İlk olaraq suallarımızı İcbari Sığorta Bürosu (İSB) cavablandırıb. Bürodan verilən məlumata əsasən, daşınmaz əmlakın icbari sığortası növü üzrə elektronlaşma işləri may ayının sonuna kimi tam olaraq yekunlaşacaq: “Artıq İcbari Sığorta Bürosu ilə müvafiq qurumun, yəni İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri arasında aparılan inteqrasiya bitib. Bu isə o deməkdir ki, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatlar müvafiq dövlət qurumundan təmin ediləcək və elektron inteqrasiyalar həyata keçiriləcək. Bütün elektron informasiya sistemləri ilə olan inteqrasiyalardan sonra artıq ölkəmizdə İcbari Sığorta Bürosunun sistemi vasitəsilə buraxılan icbari sığorta şəhadətnamələri elektronlaşacaq, kağız sığorta şəhadətnamələri olmayacaq”.

İSB-dən onu da bildiriblər ki, Azərbaycan Respublikasi Mərkəzi Bankının İdarə Heyətinin 12 aprel 2023-cü il tarixli Qərarına əsasən təsdiqlənmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”ə uyğun olaraq icbari sığorta şəhadətnamələri elektron sənəd formasında tərtib edilməlidir. Həmin qərarın icrası məqsədilə 1 iyun 2023-cü il tarixindən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələri yalnız elektron formada tərtib edilə biləcək. Tam elektronlaşma sığorta şəhadətnaməsinin olub-olmamasına nəzarət etməyə və cərimə mexanizminin də çevik tətbiq olunmasına imkan verəcək.

Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə olunmalıdır. Şəxs, bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

Bəs cərimə mexanizmi necə olacaq? Bunu hansı qurum həyata keçirəcək? Bu suallara həm Mərkəzi Bank, həm də İSB aydınlıq gətirib. Belə ki, “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin, yəni, cərimələrin tətbiqi yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakların icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir. Yəni, adıçəkilən qurumlarda daşınmaz əmlaklarla bağlı vahid elektron informasiya sistemi olmalıdır. Növbəti mərhələdə həmin sistem İSB-nin sistemi ilə inteqrasiya edilməlidir. Qanunvericilik adıçəkilən orqanları icbari sığortalara nəzarət orqanı kimi müəyyən etdiyinə görə, protokolları da onlar müəyyən etməlidir. Bununla bağlı həmin qurumların mövqeyini öyrənməyə çalışdıq.

Obyektlərin sığortasında nəzarət

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, ”Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15 və 16-cı maddələrinə uyğun olaraq Xidmətin əməkdaşları tərəfindən sahibkarlıq subyektlərinə məxsus obyektlərdə plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir:

“Bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin daşınmaz əmlakının icbari sığortasının mövcudluğu yoxlanılır. Yoxlamalar isə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq illik plan əsasında müəyyən edilmiş dövriliklə həyata keçirilir. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən yanğın-texniki müayinələr zamanı obyektlərin daşınmaz əmlakının icbari sığortasının həyata keçirilmədiyi aşkar edildikdə, həmin şəxslər barəsində “İnzibati Xətalar Məcəlləsi”nin 100-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh şəxslər barəsində dərhal “İnzibati xəta haqqında” Protokol tərtib edilir və həmin şəxslər barəsində “İntizabti tənbeh vermə haqqında” Qərar qəbul olunaraq fiziki şəxslər 30, vəzifəli şəxslər 80, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir” – deyə Xidmətdən bildirilib.

Qeyri-yaşayış sahələrinin sığortalanması ilə bağlı elektron sistemin qurulmasına gəlincə, Dövlət Yanğın Nəzarəti Xidməti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1.3-cü  maddəsinin tələblərinə əsasən informasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətin İcbari Sığorta Bürosu tərəfindən həyata keçirildiyini bildirib.

Rəqəmlərdə müsbət dinamika

Xidmət həyata keçirilən nəzarət tədbirləri ilə bağlı statistik məlumatları da açıqlayıb. Belə ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin daşınmaz əmlakının icbari sığortasının həyata keçirilməsinə nəzarətin təmin edilməsində qətiyyətli mövqeyi, xüsusilədə son 3 ildəki fəaliyyətinin nəticəsi olaraq daşınmaz əmlakın icbari sığortası sahəsində müsbət artım dinamikasına nail olunub. Belə ki,  2022-ci il ərzində daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmış obyektlərin sayı 2021-ci illə müqayisədə 10 min 901 obyekt (17,5 %) artaraq 73 min 269-a çatıb. Müsbət artım dinamikası 2023-cü ildə də davam edib. Bu ilin 1-cü rübündə  daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmış obyektlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 min 969 obyekt (27,8 %) artaraq 22 min 831-ə çatıb. 2022-ci ilin 1-ci rübündə sığorta şirkətlərində müqavilə bağlayan qeyri-yaşayış sahələrinin sayı 17 min 862 olub.

Qeyd olunan fəaliyyət üzrə aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar isə müvafiq dövr ərzində 1142 nəfər şəxs barəsində daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmamasına görə “İnzibati xəta haqqında” protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.

İcra hakimiyyətləri nə deyir?

Yaşayış sahələri ilə bağlı daşınmaz əmlakın icbari sığorta müqavilələri ilə bağlı məlumat almaq cəhdlərimiz isə uğursuz oldu. Yerli icra hakimiyyəti orqanları bununla bağlı rəsmi açıqlama verməyə tələsmirlər. Soğrumuza cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bu qurumun əmlakların sığortalanmasına nəzarət səlahiyyəti yoxdur. Bu işi rayon icra hakimiyyətləri həyata keçirir. Sorğu ünvanladığımız rayon icra hakimiyyətləri isə konkret açıqlama verməsələr də əmlakların sığortalanmaması ilə bağlı cərimələrin tətbiqində maraqlı olmadıqlarını bildiriblər. Məsələn, Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən sorğumuza çox qısa cavab aldıq:

“Daşınmaz əmlakın icbari sğortalanması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən əhali arasında mütəmadi təbliğat işləri aparılır, bu sığorta növü barədə vətəndaşlara ətraflı məlumat verilir və daşınmaz əmlakın icbari sığortasının faydaları haqqında izahedici söhbətlər aparılır. Hazırda bizim tərəfimizdən maarifləndirmə tədbirləri aparılır növbəti mərhələlərdə işin gedişi barədə ictimaiyyətə məlumat veriləcək”.

Bakıdakı digər rayonların rəsmilərinin cavabı da təxminən belə idi. Onlarla söhbət zamanı yaşayış sahələri ilə bağlı elektron informasiya sisteminin və cərimə mexanizminin, protokolların olmadığı üzə çıxdı. Yerli icra hakimiyyətləri icbari sığortadan yayınan sakinlərini cərimələməkdə maraqlı görünmürlər. Bu səbəbdən iyunun 1-dən yaşayış sahələrinə görə daşınmaz əmlak sığortasına yad baxan vətəndaşların cərimələnməsi ilə bağlı yayılan məlumatların da əsassız olduğu təsdiqlənir. Buna mane olan səbəblərdən biri də Bakıətrafı ərazilərdə son illərdə inşa edilən yaşayış evlərinin sənədsiz olmasıdır.

 

İSB-dən verilən məlumata əsasən, 24 iyun 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Qanuna əsasən,daşınmaz əmlakın icbari sığortası üzrə həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortalanması məcburidir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

 

Qanuna əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqı və sığorta məbləğləri belə müəyyən edilib:

- Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25.000 manat;

- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20.000 manat;

- digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15.000 manat.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsinə təminat verir.

 

Cərimə, yoxsa xəbərdarlıq?

 

Mövzu ilə bağlı fikirlərini  bölüşən sığorta agenti Şahin İsmayılov da qeyri-müəyyənliklərin olduğunu istisna etməyib. Onun sözlərinə görə, iyunun 1-dən əmlak sığortasında əsas olan kağış blanklar artıq istifadə edilməyəcək:

“sistem elektronlaşdıqdan sonra vətəndşalar özləri sığorta şəhadətnamələrini orada dolduraraq əmlaklarını sığorta edə biləcəklər. Bundan sonra onlara əmlakın sığortalanması barədə bildiriş gələcək. İcbari Sığorta Bürosunun məlumatına görə, bütün çıxarışı olan əmlaklar elektron sistemə inteqrasiya olunub. İcra hakimiyyətlərində isə bununla məşğul olan xüsusi şəxslər olmalıdır. Elektron sistemdə hansı əmlakın sığortalı olub-olmaması açıq görünəcək. İcra orqanı onun əsasında cərimə yaza bilər. Sığortasız əmlakların cəriməsi də elektron qaydada əmlak sahibinə göndəriləcək”.

 

Son günlərdə yayılan söz-söhbətlərdən sonra yaşayış sahələrini sığorta etdirən vətəndaşların sayının artdığını deyən Ş.İsmayılov buna baxmayaraq, sənədsiz evlərlə bağlı sualların hələ də açıq qaldığını deyib. Onun fikrincə, cərimə tətbiqinə başlamamışdan ən azı 1 ay əvvəl bu barədə elan verilməlidir. Belə xəbərdarqlıq da hələki yoxdur.

Müəllif: Fərqanə Allahverdiqızı

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

Fərqanə Allahverdiqızı