Azərbaycanın sığorta sektorunda aktivlər artıb
Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 791 milyon 198 min manatdır. Buraya sığorta, təkrarsığorta və broker şirkətlərinin aktivləri daxildir. Bu da 2022-ci ilin sonuna olan göstəricidən 9,7% çoxdur.
ENA.az xəbər verir ki, aktivlərin 617 milyon 342,2 min manatı və ya 34,5 faizi uzunmüddətli maliyyə aktivlərində yerləşdirilib və bu ilin birinci rübü üzrə artım 7,8% təşkil edir. 460 milyon 99,1 min manatı bank hesablarında, 140 milyon 52,7 manatı sığorta ehtiyatlarında, qalanları isə digər aktivlərdə təkrarsığortaçıların payına düşür.
2023-cü ilin aprel ayının əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 0,3% artaraq 384 milyon 529,2 min manat təşkil edib.
Birinci rübün sonuna sektorun sığorta ehtiyatları 1 milyard 58 milyon 282,4 min manat, bölüşdürülməmiş mənfəəti 132 milyon 735,6 min manatdır.
1 aprel 2023-cü il tarixinə Azərbaycanın sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb ki, onlardan 34-ü özəl hüquqi şəxsdir. 6 şirkət xarici kapitala malikdir. Ölkədə 20 sığorta şirkəti, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərir.