Neft Fondunun gəlirlər proqnozu kəskin artırıldı
Azərbaycanın 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari il üçün gəlir və xərcləri üzrə proqnozlara da yenidən baxılıb. ENA.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Fondun 2023-cü il büdcəsinin profisiti 4 milyard 524,6 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu isə proqnozlaşdırılan göstəricidən kifayət qədər böyükdür. Belə ki, 2023-cü il büdcəsi 2 milyard 401 milyon 389,3 min manat məbləğində kəsirlə təsdiq edilmişdi. Yeni variantda isə Neft Fondunun büdcəsinin gəlirləri 81,7% artırılaraq 16 milyard 337,5 milyon manat, xərcləri isə 4% artırılaraq 11 milyard 812,9 milyon manat nəzərdə tutulur.
ARDNF-in 2023-cü il büdcəsinin gəlirləri neftin bir barelinin orta qiyməti $60 (əvvəlki proqnoz $50) götürülməklə hesablanıb.
Xatırladaq ki, Fonda vəsait neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.