Türkiyədə qiymətlər Azərbaycan soğanı ilə düşür
Azərbaycandan soğan idxalının başlaması ilə Türkiyədə soğanın pərakəndə satış qiymətinin təxminən 5-6,5 lirədən (1,60 – 2.10 manatdan) 2 lirəyədək (65 qəpik) düşməsi gözlənilir.
"BI" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qiymətlər yavaş-yavaş düşür. Artıq Azərbaycanda idxalın başlaması ilə soğanın topdansatış qiyməti 5 lirədən 4,5 lirəyə geriləyib.
Mövzu ilə bağlı açıqlama verən Türkiyə Halciler Federasiyasının Prezidenti Yüksel Tavşan, "İdxal addımı, anbarların boşalmasına, əldə olan soğanların sürətlə bazara çıxarılmasına səbəb olacaq. Anbarlar sürətli boşalsa, qiymət düşəcəkdir. Soğan idxalı qiymətlərə təsir göstərəcəkdir. Əlində soğan olan istehsalçı qorxur, onsuz da məhsul anbarda çürüyür".
Qeyd edək ki, xəstəlik ilə əlaqədar olaraq Türkiyədə soğan qıtlığı yaranıb.Qiymətlər gündən-günə artdığından istehsalçılar və topdansatıcılar soğanı anbarlarda saxlayırlar. İlk öncə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə anbarlara basqın edilmiş, amma bu tədbir də qiymətlərin düşməsinə kömək etməmişdi. Çıxış yolu kimi Türkiyə Azərbaycandan soğan almağa başlayıb.