AZAL dövlət büdcəsindən aldığı 26,4 milyon manat subsidiyanı xrəcləməyib - Hesablama Palatası
2022-ci ildə AZAL 89,5 milyon manat subsidiya alıb ki, bunun da 63,1 milyon manatı istifadə olunub, 2022-ci ilin sonuna isə 26,4 milyon manat şirkətin bank hesabında qalıb.
ENA.az Hesablama Palatasına istinadən xəbər verir ki, 2022-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyaların ümumi həcmi 1 milyard 401,7 milyon manat olub. 2022-ci il üzrə Azərbaycan dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılan subsidiyaların həcmi 25% artaraq 697,5 milyon manata çatıb. Nəticədə 2022-ci ildə dövlət müəssisələrinin subsidiyalaşdırılmasının xüsusi çəkisi 9,5 faiz bəndi artaraq 49,8%-ə çatıb.
“Aparılan təhlillər göstərdi ki, dövlət müəssisələrinə subsidiyalar publik hüquqi şəxslərə, “Azərkosmos”a, Qida Təhlükəsizliyi Agentliyinə və Bakı Metropoliteninə verilən subsidiyaların həcminin artması hesabına artıb”, - Palata vurğulayır.
Eyni zamanda, palata qeyd edir ki, heç də bütün dövlət şirkətləri alınan subsidiyalardan istifadə etmir. “Məsələn, 2022-ci ildə AZAL 89,5 milyon manat subsidiya alıb ki, bunun da 63,1 milyon manatı istifadə olunub, 2022-ci ilin sonuna isə 26,4 milyon manat şirkətin bank hesabında qalıb”, - deyə rəydə vurğulanır.
Palata onu da qeyd edir ki, subsidiya alan bir çox dövlət şirkətləri onlardan başqa məqsədlər üçün istifadə edirlər.