“GünayBank”da dörd ay yoxlama aparılıb. Səhmdara xəbərdarlıq edilib - YENİ MƏLUMATLAR
Azərbaycan Mərkəzi Bankı “GünayBank”ı bağlamazdan əvvəl bu bankda uzun müddət yoxlama aparıb. ENA.az-ın əldə etdiyi məlumatlara görə, tənzimləyici xeyli qüsurlar aşkar etsə də banka bunları həll etmək üçün vaxt da verib. Xüsusən də kapital ilə bağlı göstəricilər GünayBankın hesabatına uyğun olmayıb.
“Rəqəmlərlə oyun”
GünayBank bağlandıqdan sonra ENA.az olaraq bu mövzuya yenidən toxunduq, çünki indiyə qədər də bağlanan bankların hamısının rüblük göstəriciləri “gül kimi” olub. İlk dəfə AtaBank bağlanandan hesabatın nə qədər saxta olduğuna heyrətlənmişdik, sonra Amrahbank və digər lisenziyası ləğv edilən banklar da bu siyahıya daxil oldu. Amma Azərbaycan Mərkəzi Bankı bu keyslərdən sonra hesabatlara ciddi yanaşdığını və hətata hesabatlılığı gücləndirdiyini bildirmişdi.
"Hesabatlılıq ola-ola"
2017-ci ildə ölkəmizdə yaşanan bank böhranından sonra doğrudan da hesabatlılıq gücləndirildi. Hazırda hər bir bank Azərbaycan Mərkəzi Bankına aylıq hesabatlar təqdim edir. Bundan başqa, bəzi bank əməliyyatları ilə bağlı gündəlik məlumatlar tənzimləyiciyə təqdim edilir. Aylıq prudensial hesabatlar Mərkəzi Bankda yoxlanılır və düzgün olub-olmadığı təsdiq edilir. Normal fəaliyyət göstərən banklarda belə, nadir hallarda olsa da Mərkəzi Bank bəzi rəqəmlərdə şübhələr aşkar etdikdə yenidən hesablamalar aparılır. Bir sözlə, hazırda bank sektorunun göstəriciləri ciddi nəzarətdədir, hətta bank inzibatçıları gündəlik və aylıq sorğuların sayının çox olduğundan şikayətlənsələrdə. Nəticə etibarilə istiqamət sayın çoxluğuna yox, məlumatların düzgünlüyünə fokuslanmalıdır.
2022-ci ildən başlayan yoxlama
Qayıdaq, GünayBank hadisəsinə. ENA.az-ın bu bankdan əldə etdiyi məlumata görə, 2022-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan Mərkəzi Bankı ciddi yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində prudensial normalarda ciddi qüsurlar aşkar edilib. Xüsusən də Bankın kapitalı normalara uyğun olmayıb. 2022-ci ilə kapital çatışmazlığı ilə yekun vuran Bank, saytında dərc etdiyi rəsmi göstəricilərdə “normal” olub. Halbuki, yoxlamaların sonunda “Günaybank”ın səhmdarı Mahmud Məmmədova kapital artımı etmək barədə xəbərdarlıq edilib. Lakin bu xəbərdarlığı ciddi qəbul etməyən bankir fəaliyyətini eyni qaydada davam etdirib və minimum 50 milyon manat prudensial tələbə cavab verməyən məcmu kapitalın həcmini hətta 2023-cü ilin birinci rübünün sonunda da 66 milyon manat göstəriblər. Mərkəzi Bankın aşkar etdiyi daha bir pozuntu – kapitalın adekvatlıq əmsalı 3% olduğu halda, “GünayBank” 29 faiz göstərici açıqlamaqla “meydan oxumağa” davam edib.
Aprel xəbərdarlığı
Beləliklə, 2023-cü ilin birinci rübünün göstəriciləri aprel ayında açıqlanandan sonra vəziyyət daha da ciddiləşib. Bağlanmamışdan 5 gün əvvəl Bankın səhmdarı təcili kapital artımı edəcəyini bildirərək, işçilərdə əminlik yaradıb. Mayın 17-də səhər işçilər banka gəliblər və iş saatı başlamasına baxmayaraq sistem açılmayıb. Bir neçə dəqiqədən sonra “GünayBank”ın bağlanması haqqında məlumat dərc edilib.
Beləliklə, son 10 ildə Azərbaycandakı bankların sayı 45-dən 24-ə düşüb.