Deputat şirkətlərindən birini ləğv etdi - Daha ikisi var
“Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan edib.
“BI” “Turan” agentliyinə istinadən xəbər verir ki, bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur.
“Xəzər-XXI Əsr” MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Azbol” (VÖEN 1600387231) və “Aqroinkişaf” MMC (VÖEN 1800003871).
Maraqlıdır ki, bu şirkətlərin fəaliyyət növü barədə məlumat verilmir.
Qeyd edək ki, Elxan Süleymanov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, parlamentə 85 saylı Şamaxı seçki dairəsindən seçilib. Uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olub və bir il əvvəl bu heyətdən çıxarılıb.